Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.
Manset.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.
İntiqam Babayev 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997–2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.
İ.Babayev 1994–1998-ci illərdə Bakı Gənclər Klubunun, 1995–1998-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri olub. 1998–1999-cu illərdə Gənclər və İdman Nazirliyində Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifələrində çalışıb.
O, 2000–2021-ci illərdə gənclər və idman nazirinin müavini olub. 2022–2023-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.
İ.Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.