Bir neçə gün öncə Bakıda işini başa vuran WUF13 dünya gündəmində xüsusi yer aldı. Dünyanın 170-dən çox ölkəsindən on minlərlə iştirakçını bir araya gətirən forumun Azərbaycan üçün böyük töhfələri oldu. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan “ağıllı şəhər” və dayanıqlı yaşayış məntəqələri modeli xüsusi diqqət çəkdi.
Bununla bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Manset.az-a açıqlamasında bildirib ki, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın postmünaqişə dövründə ortaya qoyduğu inkişaf modelinin beynəlxalq təqdimatı və siyasi-strateji mesajı kimi qiymətləndirilməlidir:

“Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və dayanıqlı inkişaf konsepsiyalarının dünya ictimaiyyətinə nümayiş etdirilməsinin forumun praktik əhəmiyyətini artırdığını deyə bilərik.
İlk növbədə Forum Azərbaycanın həyata keçirdiyi bərpa modelinin legitimləşdirilməsi və beynəlxalq miqyasda tanıdılması baxımından mühüm platforma hesab oluna bilər. Forumda uzun illər ərzində dağıdılmış şəhərlərin və kəndlərin müasir şəhərsalmanın tələblərinə uyğun həllər əsasında yenidən qurulmasının beynəlxalq əməkdaşlıq və qlobal inkişaf gündəliyinin bir hissəsi kimi təqdim edilməsi də mühüm əhəmiyyət daşıyır. Bu isə bərpa prosesinə xarici investorların, beynəlxalq təşkilatların və dugər tərəfdaşların marağını artırır.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycanın “Böyük Qayıdış” siyasətinin sadəcə köç proqramı olmadığını göstərir. Burada söhbət insanların əvvəlki yaşayış yerlərinə qayıtmasından yox, tamamilə yeni sosial-iqtisadi və idarəetmə modelinin qurulmasından gedir”.
Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə yaradılan infrastruktur, o cümlədən, yollar, hava limanları, enerji xətləri, rəqəmsal idarəetmə sistemləri, sosial xidmətlər gələcəkdə regionun Cənubi Qafqazın ən modern inkişaf zonalarından birinə çevrilməsi hədəfinə xidmət edir:
“Forumun mühüm tərəflərindən biri də siyasi-psixoloji aspektdir. Ermənistanın işğal dövründə xarabalığa çevirdiyi şəhərlərin bu gün beynəlxalq tədbirlərdə inkişaf və innovasiya nümunəsi kimi təqdim olunması Azərbaycanın siyasi və mənəvi üstünlüyünü nümayiş etdirir. Bu, həm də postmünaqişə reallıqlarının qəbul etdirilməsi baxımından vacibdir. Yəni dünya artıq Qarabağı münaqişə zonası kimi deyil, inkişaf və quruculuq məkanı kimi görməyə başlayır.
Eyni zamanda forumun Bakıda keçirilməsi, şübhəsiz ki, Azərbaycanın regional liderlik mövqeyini daha də gücləndirəcək. Çünki bu tədbir göstərdi ki, Azərbaycan yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində model təqdim edən, yeni uğurlu presidentlər yaradan ölkəyə çevrilib.
Bütün bunların fonunda forumu sadəcə beynəlxalq tədbir kimi deyil, Qarabağın gələcəyinin konseptual təqdimatı kimi qiymətləndirmək, zənnimcə doğru olar. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri yalnız bərpa etmir, həm də onları XXI əsrin texnoloji, ekoloji və sosial standartlarına uyğun şəkildə yenidən qurur. Bu isə “Böyük Qayıdış” proqramının uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərən ən mühüm amillərdən biridir”, - deyə Elçin Mirzəbəyli fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
