Paşinyan eks-müdafiə naziri ilə yazışmalarını paylaşdı - FOTO

11:41 - 13 Mart 2024

Paşinyan eks-müdafiə naziri ilə yazışmalarını paylaşdı - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyanla 2021-ci ildəki yazışmalarını paylaşıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında A.Karapetyanın 2021-ci ildə Azərbaycan qoşunlarının Ermənistan istiqamətində hərəkəti haqda ona məlumat vermədiyini bildirib. O, keçmiş müdafiə nazirini heç bir tədbir görməməkdə ittiham edib və bu halda onu öz vəzifəsində saxlamağın mümkün olmadığını qeyd edib. 

Baş nazirin bu ittihamlarından sonra Karapetyan videomüraciət yayaraq 2021-ci il noyabrın 14-ü Dubayda olduğunu və orada vacib görüşdə iştirak etdiyini vurğulayıb. Sözügedən görüşdə tərəflər arasında zərbə dronları da daxil olmaqla, silah tədarükü məsələsinin müzakirə edilməsi planlaşdırılırdı. 

Paşinyan isə sabiq nazirin bu açıqlamasından sonra ittihamlarına sübut olaraq öz TikTok hesabında Karapetyanla 2021-ci ildə vatsap üzərindən həyata keçirdiyi yazışmaları əks etdirən qısa video paylaşıb. 

Videoya əsasən, Karapetyan 2021-ci il noyabrın 14-ü səhər saatlarında Paşinyana səsli mesaj göndərərək sərhəddə hər şeyin qaydasında olduğunu bildirib. Həmin gün saat 16:12-də isə Paşinyan Karapetyana mesaj yazaraq onun harada olduğunu soruşub. Lakin o, mesajına cavab almayıb. Baş nazir yarım saat sonra yenidən Karapetyana yazaraq onu məsuliyyətsizlikdə ittiham edib və məsələni aydınlaşdırmağı tələb edib: “Biz ciddi söhbət aparmalıyıq. Siz ictimai olaraq izahat verməlisiniz. Nə baş verib?”.

“İki variant mövcuddur. O dövrdə müdafiə naziri olan Arşak Karapetyan ya məsələdən xəbərsiz idi, ya da mənə məlumat verməyib. Bu cür hallarda heç kimi bu vəzifədə hətta yarım saat saxlamaram”, - deyə Paşinyan yaydığı videoda qeyd edib. 

Qeyd edək ki, sözügedən hadisədən bir gün sonra - 2021-ci il noyabrın 15-i Ermənistanın o dövrdəki Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın təklifi əsasında A.Karapetyanı vəzifəsindən azad edib O, 2021-ci il avqustun 3-ü həmin vəzifəyə təyin edilmişdi.

Xatırladaq ki, 2021-ci ilin noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.  

 



Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin