Azərbaycan elminə AĞIR İTKİ - FOTO

11:30 - 7 May 2024

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Fazil Əhmədov vəfat edib.

 

Manset.az xəbər verir ki, Fazil Əhmədov 1950-ci ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olub. 1958-1968-ci illərdə Qəbələ rayonu 1 nömrəli orta məktəbi, 1968-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunu bitirib.1972-ci ildə Qəbələ rayonu 8 illik məktəbində müəllim işləyib, 1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə ADU-nun Ümumi və Azərbaycan dilçiliyi kafedrasında, daha sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib. “Molla Vəli Vidadinin dili (leksika və frazeologiya)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2005-ci ildə Azərbaycan dilçiliyi kafedrası üzrə dosent elmi dərəcəsi adını alıb.

34 məqalə, 1 dərslik, 3 proqram, 1 lüğət, 2 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir. “Dildə zamanın koqnitiv-semantik xüsusiyyətləri”, “Leksik təkrarlar mətnin təşkilinin aparıcı üsullarından biri kimi”, “Orta əsrlər Azərbaycan yazılı abidələrinin leksikası haqqında bəzi qeydlər”, “İngilis dilindəki frazeoloji birləşmələrdə toponimlərin işlənməsi”, “Azərbaycan dilində indiki və gələcək zamanın arxaik formaları” və s. məqalələrində dilçiliyin  müxtəlif sahələri əhatə olunub.

1991-ci ildə çap olunmuş bircildlik “Azərbaycan ədəbi dili tarixi” kitabının, 1994-cü ildə hazırlanmış üçcildlik  “Azərbaycan dilinin tarixi lüğətinin”, 2000-ci ildə çapdan çıxmış MTK-nın 6-cı sinfi üçün “Ədəbiyyat” dərsliyinin həmmüəlliflərindən biri və redaktoru olub.

2005-ci ildə “XVIII Azərbaycan ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu”, 2018-ci ildə “Köməkçi nitq hissələrinin semantik  xüsusiyyətlərinin tədrisi məsələləri” adlı dərs vəsaiti çap olunub.

Pedaqoji fəaliyyəti dövründə tələbələrin sevimlisi olub, onların yetişməsində böyük rol oynayıb.

Fazil müəllimin xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.     

Fazil Əhmədovun vəfatına kədərləndiymizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.     

Allah rəhmət etsin!


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin