"Çox xoşbəxtəm ki, Alfonso Olimpiadadan yenə əliboş qayıtmır" - Dominqesin həyat yoldaşı

10:30 - 10 Avqust 2024

"Alfonso üçün 92 kq-a öyrəşmək çox çətin idi. Ümumiyyətlə, bunun üçün bir idmançıya minimum 6 ay lazımdır. Amma ona 3-4 ay kifayət etdi".

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin həyat yoldaşı Nigar Dominqes deyib.

O, həyat yoldaşının Fransa paytaxtında ikinci olmasına münasibət bildirib. Nigarın sözlərinə görə, 81 kq, 86 kq və ardınca 92 kq-da döyüşmək Dominqes üçün heç də asan olmayıb: "Hər gün məşq edir, çox əziyyət çəkirdi. Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq".

Azərbaycan tarixində 2 Olimpiya medalı olan yeganə boksçunun həyat yoldaşı Alfonso barədə yazılan rəyləri oxuyub pis olduğunu da deyib: "O, bu rəylərə layiq deyil. Döyüşdən sonra sosial şəbəkələrdə yazılan rəyləri oxuyuram və düzü, çox pis oluram".

Qeyd edək ki, Dominqes Paris-2024-də final döyüşündə Lazizbek Mullojonova (Özbəkistan) məğlub olub və Olimpiadanı gümüş medalla bitirib.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin