Bu gün "Azərikard" MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı olan insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
"Əhalinin diqqətinə çatdırılır ki, AMB-nin ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.
Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb", - açıqlamada deyilir.
Bildirilir ki, bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur.
***
17:22
"Azərikard" Prosessinq Mərkəzi Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş problemlə bağlı açıqlama yayıb.
"Azərikard"dan Manset.az-a verilən məlumata görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.
"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - məlumatda vurğulanıb.