Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistanda mülki nümayəndəlik yaratmaq qərarına sərt cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada bildirilib ki, Aİ yanvarın 23-də Ermənistanın sərhədyanı rayonlarında mülki nümayəndəlik yaratmağa qərar verib.
Bəyanatda qeyd olunub ki, bu, Azərbaycan və Ermənistan arasında sərhəd bölgəsində baş verən hadisələrin həllinə kömək etməyəcək:
“Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, Azərbaycanla öz missiyasının iş şəraitini razılaşdıra bilərdi. ABŞ və NATO-nun uzantısına çevrilmiş, Müstəqil Dövlətlər Birliyində qarşıdurma siyasəti yürüdən Aİ nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarına gəlişi regiona geosiyasi gərginlik gətirə və mövcud münaqişələri daha da gücləndirə bilər. Aİ-nin nəyin bahasına olursa olsun Ermənistanda möhkəmlənmək və Rusiyanın vasitəçilik cəhdlərini geri çevirmək səyləri ermənilərin və azərbaycanlıların əsas maraqlarına, o cümlədən onların regionun dinc inkişafına qayıtmaq istəyinə zərər verə bilər”.
Manşet.az