Üç gün əvvəl ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu il imtahanda iştirak edən 88 756 abituriyentdən 57 236 nəfəri tələbə adını qazanıb, 31 520 nəfər isə qəbul ola bilməyib. Maraqlı məqamlardan biri odur ki, qəbul ola bilməyənlər arasında 500-600 bal aralığında nəticə göstərən gənclər də var. Bəs yüksək nəticə göstərən abituriyentlərin qəbul ola bilməməsinin səbəbi nədir?
Bu barədə Manset.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, əsas problemlərdən biri abituriyentlərin ixtisas seçimini çox məhdud çərçivədə etməsidir:
“Tibb ixtisaslarını hədəfləyən abituriyentlər bəzən yalnız bir-iki kod yazmaqla kifayətlənirlər. Halbuki qaydalar ondan çox ixtisas kodu seçməyə imkan verir. Amma yüzlərlə gənc bu imkandan istifadə etmir. Burada məsuliyyətin bir hissəsi abituriyent və ailəsinə, daha böyük hissəsi isə dövlət qurumlarına düşür. Çünki maarifləndirmə işi kifayət qədər aparılmır. 2024-cü ildə yalnız “Müalicə işi” üzrə 1200 plan yeri ayrılıb, müraciət edənlərin sayı isə 18 min olub. “Stomatologiya” üzrə 250 yerə qarşı 7500 müraciət daxil olub. Bu rəqəmlər göstərir ki, yerlərlə müraciət arasında nisbət bəzən 1:30-dur. Belə vəziyyətdə 600 bal toplamaq abituriyent üçün real uğur sayılsa da, qəbul olmaq üçün kifayət etmir. Bu, bir tərəfdən rəqabətin gücünü göstərir, amma digər tərəfdən dövlətin proqnozlaşdırma siyasətinin iflasını ortaya qoyur.
Ekspertin sözlərinə görə, müsbət tərəf odur ki, ölkədə yüksək nəticə göstərən gənclərin sayı artmaqdadır:
"Bu, orta məktəb təhsilində və hazırlıq sistemində müəyyən dinamikanın olduğunu göstərir. Lakin mənfi tərəf daha ağırdır: yüksək nəticə göstərən gəncin bir universitetdə təhsil almaq şansı məhdud qalır, çünki dövlət planlaması reallığa cavab vermir. Nazirlik uzunmüddətli proqnoz və strategiya hazırlamır, DİM isə yalnız texniki icraçı rolunda qalaraq, prosesin sosial nəticələrinə göz yumur. Əgər DİM ixtisas seçimi mərhələsində yalnız ballar və kod siyahısı ilə kifayətlənirsə, amma risklərin izahını vermirsə, bu artıq ictimai məsuliyyətsizlikdir.
Bu prosesin dəyişməsi üçün dövlətin təhsildə proqnozlaşdırma siyasəti gücləndirilməli, ixtisas seçimi mərhələsində geniş ictimai maarifləndirmə işləri aparılmalı, abituriyentlərə alternativ seçim imkanı barədə real yönləndirici tövsiyələr verilməlidir. Əks halda, hər il eyni mənzərə təkrar olunacaq, yüksək bal toplayan gənclərin universitetə qəbul ola bilməməsi təhsil sisteminə olan inamı daha da sarsıdacaq".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova isə qeyd edib ki, ixtisas seçimində abituriyentlər çox vaxt qeyri-rəsmi “ekspertlərin” yanlış istiqamətləndirməsi ilə üzləşirlər:
“Bu şəxslər müəyyən məbləğ qarşılığında "ən doğru ixtisası seçməkdə’"kömək edəcəklərini vəd edirlər. Amma əksər hallarda onların pedaqoji və ya psixoloji bilikləri olmur. Məqsəd yalnız maddi qazancdır. Nəticədə gənclər maraq və bacarıqlarına uyğun olmayan ixtisaslara yönləndirilirlər.
Beynəlxalq təhsil mütəxəssisləri bildirirlər ki, ixtisas seçimi ciddi məsələdir və qərar üç əsas meyar üzərində qurulmalıdır: şagirdin maraq və məqsədləri, onun real bilik və bacarıqları, həmçinin əmək bazarının tələbləri və perspektivləri. Əslində, bu prosesdə məktəbdə fəaliyyət göstərən psixoloqlar, peşəyönümü dərsləri və dövlət tərəfindən təşkil olunan rəsmi məsləhət xidmətləri aparıcı rol oynamalıdır. Təəssüf ki, bu xidmətlərin yetərincə inkişaf etməməsi valideynlərin övladlarının gələcəyini qeyri-rəsmi “ekspertlərə” etibar etməsinə gətirib çıxarır. Yekun olaraq demək olar ki, ixtisas seçimi insanın həyat yolunda ən mühüm qərarlardan biridir və bu qərar “pul qarşılığı verilən şablon məsləhətlərlə” deyil, elmi yanaşma, gəncin maraqları və əmək bazarının real tələbləri əsasında verilməlidir".