Milli Məclisin deputatı Razi Nurullayevin adı İmişlidəki
torpaq qalmaqalında hallanır. İddialara görə, deputatın himayəsi altında icarəyə
götürülmüş örüş torpaqlarında kənd təsərrüfatı təyinatına məhəl qoyulmadan
ticarət obyektinin – mal bazarının tikintisinə başlanılıb. Bu isə kənd sakinlərinin
ciddi narazılığına səbəb olub.
Manset.az məsələ ilə bağlı millət vəkili Razi Nurullayevlə əlaqə
saxlayıb. O, haqqında yazılanların qərəzli olduğunu bildirib:
“İstəyirəm ki, bunları ictimaiyyat bilsin. Vallah, mən bu məsələdən
bezmişəm. Sözügedən məsələnin mənə heç bir aidiyyatı yoxdur. Onu alçaqlar
sifarişlə edirlər. Bu şişirdilmiş bir məsələdir, mən İmişlidə oluram. Bütün kəndlərdə
seçicilərimlə görüşürəm. Həmin məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti rəsmi
açıqlama verib. Bu məsələnin mənə nə aidiyyatı var? Bunu bəziləri məqsədli şəkildə
yazırlar. Görünür ki, onların maddi maraqları var. Ümumiyyətlə, məlumatı
yayanda iki tərəfin də fikri olmalıdır. Əgər qarşı tərəfin fikri öyrənilmirsə,
deməli, burda qərəz var”.