Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında parlamentin qərar layihəsi hazırlanıb. Layihəyə əsasən bir qrup məhkumlara amnistiyanın şamil olunması nəzərdə tutulub. Bəs bu məhkumlar arasında meyxanaçı Rəşad Dağlı da ola bilər?
Bu sualı hüquqşünas Ramil Süleymanov Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, törətdiyi cinayətlə bağlı Rəşad Dağlıya verilən cəza nəzərdə tutulan amnistiya aktının maddələrinə uyğun olduğu təqdirdə onun cəzasının azaldılması və yaxud da məhkumluqdan azad edilməsi mümkün ola bilər:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada şəxslərə təqdim olunmur. Amnistiya aktı Milli Məclis tərəfindən ümumi şəkildə konkret maddələrə əsasən tətbiq olunur. Həmin maddələr üzrə cinayət məsuliyyətindən, cəzadan azadolunmalar həyata keçirilə bilər, şəxslərin cəzası azaldıla bilər və ya daha yüngül cəza növü ilə əvəz oluna bilər. Qeyd edim ki, amnistiya aktında şəxslərin üzərindən, ümumiyyətlə, məhkumluq da götürülə bilər. Rəşad Dağlının törətmiş olduğu cinayətin maddəsi amnistiya aktında öz əksini taparsa, həmin cəzaya uyğun həbs müddətinin azaldılması, daha yüngül cəza növü ilə əvəz edilməsi və ya azadlığa buraxılması mümkün ola bilər”.
Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 2023-cü ildə qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fidan Vəlisoy