İş
yerində rəhbər və işçi münasibətləri əmək mühitinin əsas amillərindən biridir.
Lakin bəzi hallarda işçilər rəhbərləri tərəfindən təhqir və alçaldıcı
davranışlarla üzləşirlər. İşini itirmək və maddi çətinlik yaşamaq qorxusu isə
bir çox işçinin belə münasibət qarşısında susmasına səbəb olur. Nəticədə
çalışanlar həm mənəvi təzyiq altında qalır, həm də işdən ayrılmaqla bağlı seçim
qarşısında çarəsiz vəziyyətə düşürlər. Bu cür halların işçilər arasında nə qədər
geniş yayıldığı və hansı problemlərə yol açdığı isə diqqət çəkən məsələlərdəndir.
Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Manset.az-a açıqlamasında bildirib ki, işəgötürənlər heç bir halda işçinin ləyaqətini, şərəfini alçaldan davranışlara yol verməməlidirlər. Amma burada digər məqam da ortaya çıxır:

“Bəzən
işəgötürənlər işçinin törətdiyi hansısa bir intizam pozuntusuna görə mükafatdan
məhrum etmirlər, məsələn, intizam tənbehi tədbiri tətbiq etmirlər, əvəzində
onların üstünə səs qaldırırlar, bəzən təhqir edirlər və s. Halbuki, əslində bu,
düzgün deyil. Amma bəzən də əksi olanda daha pis nəticə verir.
Məsələn,
işçinin əmək müqaviləsinə xitam verilir, yaxud ona hansısa bir inzibati tənbehi
tətbiq edilir, o, 6 ay ərzində heç bir mükafat ala bilmir və s. Bunun iki tərəfi
var. Bəzən işçilər razı olurlar ki, işəgötürən onların üstünə səs tonunu
qaldırsın, nəinki onu mükafatdan məhrum etsin və s. Ona görə də, əlbəttə, qanun
nöqteyi-nəzərindən buna yol verilməzdir, amma praktikada, bəli, belə hallar
var.
İşçi
belə halda təhqirə görə, yaxud onun ləyaqətinin alçaldılmasına görə mülki
qanunvericiliklə məhkəməyə müraciət edə bilər. Amma bu, onların arasında
sonrakı əmək münasibətlərinə də xələl gətirə bilər, xitam verilə bilər, işəgötürənlə
aralarında bir düşmənçilik yarana bilər və s. Ona görə də hər bir işçi özü qiymətləndirməlidir.
Əgər o hesab edirsə ki, işəgötürənin onun üstünə qışqırması, onu təhqir etməsi
yolverilməzdir və doğrudan da yolverilməzdir, mülki qaydada, hətta xüsusi
qaydada cinayət qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Amma
bunun sonrası da var, onu da nəzərə almalıdır”.
Tanınmış hüquqşünas Ramil Vəliyev isə bildirib ki, işçi ilə işəgötürən arasında münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı maddə öz əksini tapmışdır:

“Həmin
maddənin birinci bəndində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ
qeyd olunmuşdur. Bu hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur.
Maddənin ikinci hissəsində isə qeyd olunmuşdu ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən
qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına yol verə bilməz. Əgər
işçi ilə işəgötürən arasında belə bir hal baş verərsə, işçinin ləyaqəti,
işgüzar hüququ yaxud şəxsiyyətinin alçaldılması baş veribsə, bu halda işçi məhkəmə
qaydasında kompensasiya tələb edə bilər”
Hüquqşünas
qeyd edib ki, təhqir isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci
maddəsində öz əksini tapmışdır:
“Təhqir
olunmuş şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edir. Təhqir faktı öz
əksini tapırsa, təhqir etmiş şəxs barəsində məhkəmə tərəfindən həmin 148-ci
maddənin dispozisiyasında qeyd olunan cəzalardan biri məhkəmə tərəfindən tətbiq
olunur. Amma ümumilikdə, qeyd etmək istəyərdim ki, heç bir işçi təzyiq və təsir
altında işdən çıxarıla bilməz. Bu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin
birbaşa imperativ normasıdır”.
R.Vəliyev
xüsusilə vurğulayıb ki, həmçinin işçi baş vermiş narazılıqlarla bağlı Əmək Müfəttişliyinə də
müraciət edə bilər.
Fidan
Vəlisoy