Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, təyin olunanlar arasında hakimlik vəzifələrinə seçilmə ilə bağlı keçirilmiş müsabiqədə uğur qazanan 6 prokurorluq əməkdaşı da var.
Baş Prokurorluq və Hərbi Prokurorluğun müxtəlif struktur bölmələrində, habelə rayon prokurorluğunda çalışmış Tural Musayev və Kamal Babayev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, Emin Fətəliyev Qaradağ Rayon Məhkəməsinin, Fidan Ələkbərova Ağdaş Rayon Məhkəməsinin, Şahəddin Kələntərov Salyan Rayon Məhkəməsinin, Səbuhi Səfərov isə Beyləqan Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.
Bu münasibətlə 4 iyun 2025-ci il tarixində Baş Prokurorluğun inzibati binasında təntənəli tədbir keçirilib. Tədbirə Baş prokurorun birinci müavini Elçin Məmmədov rəhbərlik edib.
Çıxışı zamanı Elçin Məmmədov yeni təyin olunmuş hakimləri təbrik edərək onların uzun illər ərzində prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.