"Kəlbəcər şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir"

09:48 - 23 Avqust 2025

\"Kəlbəcər şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir\"
  • "Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə səfər edib. Dövlət başçısı Kəlbəcər sakinləri ilə görüşüb, onların mənzillərinin açarlarını təqdim edib, yeni yaşayış komplekslərinin və sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak edib.


Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib. Millət vəkili vurğulayıb ki, Prezident çıxışında 32 ildən sonra kəlbəcərlilərin öz doğma şəhərlərinə qayıdışını tarixi hadisə kimi dəyərləndirib:

"“Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik”. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı uzun illər işğal dövründə ümidini itirməyib, hər gün doğma torpaqlara qayıdış gününü yaxınlaşdırıb. 

Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoyub, sakinlərə yeni mənzillərin açarlarını təqdim edib. Şəhərdə həmçinin parkın və digər sosial obyektlərin inşasına başlanılıb. Dövlət başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcərdə dörd iri yaşayış kompleksi salınacaq və burada 10 mindən çox insan məskunlaşacaq. Bununla yanaşı, Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı olub. Regionda kənd təsərrüfatının inkişafına dəstək məqsədilə “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” da istifadəyə verilib".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Kəlbəcərin 1993-cü ildə işğalı zamanı Azərbaycan xalqının yaşadığı faciələri xatırladıb:

"Həmin dövrdəki hakimiyyətin xəyanətkar siyasətinə diqqət çəkib: “Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur”. O, qeyd edib ki, Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib: “Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. Kəlbəcər isə bir güllə atılmadan azad edildi. Bu, həm gücümüzün, həm də müdrik qərarlarımızın nəticəsi idi”. Prezident İlham Əliyev Ermənistanla imzalanacaq sülh müqaviləsinin Azərbaycanın maraqlarına cavab verdiyini bildirib. O, həmçinin Naxçıvanla quru bağlantısının təmin olunacağını, Azərbaycanın hər zaman müharibəyə hazır vəziyyətdə qalmalı olduğunu vurğulayıb: “Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz”.

Prezident İlham Əliyevin sözləri ilə desək, Ermənistan işğal dövründə dağıdıb, Azərbaycan isə qurub-yaratmaqdadır. Kəlbəcərin qısa müddətdə dirçəldilməsi, yeni yaşayış sahələrinin, məktəblərin, parkların və infrastrukturun inşası bu fərqi bir daha ortaya qoyur. Prezident İlham Əliyevin 21 avqust 2025-ci il tarixli Kəlbəcər səfəri həm kəlbəcərlilər, həm də bütün Azərbaycan xalqı üçün qürur, qayıdış və gələcəyə inamın rəmzi oldu. Bu səfər bir daha göstərdi ki, azad edilmiş torpaqlara həyat qayıdır və Azərbaycan dövləti vətəndaşlarının layiqli yaşayışı üçün hərtərəfli şərait yaradır".



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az