Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi və dövlətçilik gücünü və qüdrətini misilsiz şəkildə artırdığı bir zamanda Azərbaycan dövlətinin əldə etdiyi böyük tarixi uğurları qəbul etmək istəməyən qüvvələrin sərgilədiyi xəyanətkar əməllərə qarşı cəmiyyət haqlı olaraq həssaslıqla təpki verir və bu yöndə qətiyyətli və barışmaz mövqe ortaya qoyur.
Ramiz Mehdiyev və Əli Kərimli kimi fiqurlar ətrafında gedən müzakirələr,
həmçinin bəzi müxalifət dairələri daxilindəki qeyri-şəffaf proseslər bir daha
göstərir ki, ölkənin sabitliyini sarsıtmaq potensialı daşıyan istənilən
davranış xalq tərəfindən birmənalı şəkildə rədd edilir və qətiyyətlə pislənilir.
Azərbaycan özünün inkişaf və təhlükəsizlik strategiyasını heç bir köhnəlmiş
siyasi oyuna, heç bir manipulyativ ritorikaya və heç bir xarici təsir cəhdinə
güzəşt etməyən, sarsılmaz və prinsipial dövlətçilik iradəsi üzərində qurub.
Azərbaycan bu gün regionda qüdrətini artıran, dünyada
gedən siyasi və iqtisadi dalğalanmalar fonunda özünün sabit inkişafını təmin edən
bir dövlətdir. Lakin məhz bu yüksəliş dövründə bəzi şəxslərin köhnə siyasi
manipulyasiya üsullarına qayıtmaları, səhnəarxası koordinasiyalarla məşğul
olmaları və məsuliyyətsiz siyasi davranış nümunələri sərgiləmələri cəmiyyətin haqlı
narazılığına səbəb olur. Xalqın mövqeyi qəti və aydındır ki, Azərbaycanın
siyasi taleyi köhnə oyunların meydanı ola bilməz!
İctimai fikirdə “boz kardinal” adlandırılan Ramiz
Mehdiyevin müxtəlif dövrlərdə siyasi proseslərə dolayı təsir göstərməsi ilə
bağlı səslənən fikirlər, eləcə də onun Əli Kərimli ilə paralel görünən bəzi
davranışları Azərbaycan cəmiyyətində narahatlıq yaradan məqamlardandır. Milli
Şura layihəsinin fiaskosu isə bu narahatlığın təsadüfi olmadığını bir daha üzə
çıxardı. Bu layihənin uğursuzluğu göstərdi ki, Azərbaycan cəmiyyətində köhnə
siyasi fiqurların köhnəlmiş davranışlarına yer yoxdur.
Əli Kərimlinin “Qafqaz baharı” kimi məsuliyyətsiz
şüarları və bu şüarların arxasında duran populist ritorika isə haqlı olaraq siyasi
proseslərə zərər vuran, reallıqdan uzaq və cəmiyyətin gözləntiləri ilə
uyğunlaşmayan çıxışlar kimi qiymətləndirilir. Azərbaycanın mövqeyi, təhlükəsizlik
mühiti və regiondakı rolu belə radikal çağırışlara, süni şəkildə qızışdırılan gərginliklərə
yol verəcək qədər zəif deyil.
İctimai diskussiyalarda o da xüsusi vurğulanır ki,
Ramiz Mehdiyevin “ənənəvi müxalifət daim öndə olmalıdır” məzmunlu yanaşmaları
müxalifətin yenilənməsini deyil, köhnə simaların və köhnə ideyaların
qorunmasını təşviq edən xəttin tərkib hissəsi kimi görünür. Cəmiyyət artıq bu
modellərin ölkəyə nə verdiyini, daha doğrusu, nə vermədiyini çox yaxşı bilir.
AXCP-nin fəaliyyət istiqamətləri ilə bağlı ictimai
müzakirələrdə səslənən suallar da diqqətdən yayınmır. Rusiyada yaşayan müəyyən
dairələrlə əlaqələr və diaspor üzərindən siyasi təsir ehtimalları müxtəlif
xarici mərkəzlərin regionda nüfuz savaşı apardığı bir vaxtda xüsusilə təhlükəlidir.
Bu iddialar rəsmi təsdiqini tapmasa belə, bu yöndə müzakirələrin mövcudluğu özü
göstərir ki, siyasi proseslər milli təhlükəsizlik prizmasından incəliklə qiymətləndirilməlidir.
Siyasi arenada Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin
səhnəarxası oyunlarının və onların şəxsi hesablaşmalarının dövlətçiliyə heç bir
faydası yoxdur və ola da bilməz. Cəmiyyət bu cür köhnəlmiş siyasi taktikaların
qalıqlarını çoxdan rədd edib. “Xəyanətin ifşası” kimi emosional ifadələrin
ictimai müzakirələrdə yer alması da, hər nə qədər güclü emosional çalar daşısa
da, xalqın bu cür davranışlara münasibətinin harada dayandığını kifayət qədər
açıq göstərir.
Qafqaz bölgəsinin bu gün son dərəcə həssas
geosiyasi şəraitdə olduğu nəzərə alınanda, daxildə siyasi sabitliyi pozmaq
potensialı daşıyan istənilən davranış, istər bilərəkdən olsun, istər bilməyərəkdən,
dövlət üçün ciddi risk kimi qiymətləndirilir. Bu səbəbdən AXCP daxilindəki
qeyri-şəffaf proseslərin təhlükəsizlik prizmasından araşdırılması tamamilə əsaslıdır
və bu, dövlətin üzərinə düşən məsuliyyətin bir hissəsidir.
Azərbaycan dövləti milli maraqlara qarşı yönəlmiş
heç bir xətti, heç bir təmayülü, heç bir gizli siyasi oyunu qəbul etməyəcək qədər
güclüdür. Dövlətin təhlükəsizlik doktrinası aydındır: heç bir köhnəlmiş siyasi
ssenari, heç bir xarici təsirə uyğunlaşdırılmış proses və heç bir manipulyativ
çağırış Azərbaycanın sabitlik xəttinə müdaxilə edə bilməz. Xalqın iradəsi də qəti
və aydındır: Azərbaycan siyasi meydanı köhnə intriqaların, “boz kardinal”
üslubunun, radikal çağırışların və köhnə müxalifət oyunlarının təsiri altında
ola bilməz. Xalq nəzarət edir, dövlət tədbir görür və bu dövlətçilik birliyi
qarşısında heç bir köhnə siyasi fiqur öz ambisiyalarını milli maraqlardan üstün
tuta bilməz.
Vasif Qafarov
Milli Məclisin deputatı