Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına TƏBRİK

16:40 - 09 Aprel 2026

Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına TƏBRİK

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.


Manset.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk.

Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.

Əziz dostlar!

Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az