logo
logo logo
logo

Avropa İttifaqının Azərbaycana yeni obyektiv baxışı - Enerji tərəfdaşlığından geosiyasi müttəfiqliyə

09:00 - 08 İyul 2026

Avropa İttifaqının Azərbaycana yeni obyektiv baxışı - Enerji tərəfdaşlığından geosiyasi müttəfiqliyə

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana  səfəri təkcə növbəti diplomatik təmas kimi deyil, həm də Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.


Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın səfərindən sonra baş tutan bu dəfəki görüş Brüsselin Azərbaycanla əməkdaşlığa artıq daha geniş geosiyasi prizmadan yanaşdığını nümayiş etdirir. Əgər əvvəlki dövrlərdə münasibətlərin əsas ağırlıq mərkəzi enerji təhlükəsizliyi idisə, hazırda əməkdaşlıq regional sabitlik, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, iqtisadi inteqrasiya və sülh gündəliyi kimi strateji istiqamətləri də əhatə edir.


Avropalı yüksək səviyyəli qonağın xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətləri haqda dediyi fikirləri, eləcə də onun liderliyi sayəsində Cənubi Qafqazada sülhün, əmin-amanlığın yaranması, regional əməkdaşlığın bərqərar olması, bütün bunların nəticəsi olaraq  bölgədə, qlobal miqyasda isə dünyada daha bir gərginlik ocağının, müharibə alovunun söndürülməsini bölgənin gələcəyi  üçün vacib amil kimi qeyd etməsi ayrıca şərh olunmalı məqamlardandı. O, Prezident İlham Əliyevin regionda sülhün əldə olunması istiqamətində göstərdiyi rolu yüksək qiymətləndirərək bunu şəxsi liderlik  bacarığı kimi xarakterizə edir və sülh sazişinin paraflanmasını tarixi hadisə adlandırır. Eyni zamanda da  çıxışda vurğulanan "sabitlik, etimad və birgə rifah" ifadələri Avropa İttifaqının Cənubi Qafqazda uzunmüddətli sülhün yalnız təhlükəsizliyə deyil, həm də iqtisadi inkişaf və regional əməkdaşlığa töhfə verəcəyinə və bu işdə Azərbaycanın, eləcə də onun liderinin danılmaz rolunun etirafına dair mövqeyini əks etdirir. Əsas mesaj isə ondan ibarətdir ki, Avropa Komissiyası sülh sazişinin paraflanmasını müsbət addım hesab edir və bu məsələdə Prezident İlham Əliyevin prosesdəki rolunu açıq şəkildə yüksək dəyərləndirir.


Səfərin yekunlarına gəlincə, xanım Lyayenin  diqqətçəkən siyasi mesajlarından biri  Azərbaycanı açıq şəkildə Avropa İttifaqının strateji tərəfdaşı kimi xarakterizə etməsi oldu. Bu yanaşma təsadüfi deyildi. Belə ki, son illərdə Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasəti  ölkəni Avrasiyanın ən mühüm geosiyasi aktorlarından birinə çevirib. Avropa İttifaqı artıq Azərbaycanı yalnız etibarlı enerji təchizatçısı kimi deyil, regionda sabitliyin qorunmasına töhfə verən, strateji nəqliyyat marşrutlarını birləşdirən və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi qiymətləndirir. Ursula fon der Lyayenin Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini və sülh gündəliyinin əsas memarı kimi rolunu xüsusi vurğulaması həm də bu amillərlə izah oluna bilər. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan regionda yeni geosiyasi reallıqları formalaşdıran əsas aktora çevrilib.  Xüsusilə Ermənistanla münasibətlərdə Bakının nümayiş etdirdiyi konstruktiv yanaşma beynəlxalq partnyorlar tərəfindən də yüksək qiymətləndirilir. Ermənistanda  son siyasi proseslər fonunda Azərbaycanın təmkinli və rasional mövqeyi regionda gərginliyin artmasının qarşısını alan mühüm amillərdən biri oldu. Azərbaycan fərqli siyasət seçsəydi, Ermənistanda siyasi proseslərin nəticələri də tamamilə başqa istiqamətdə inkişaf edə bilərdi. Lakin Bakı ardıcıl şəkildə sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək uzunmüddətli regional sabitliyi prioritet kimi müəyyənləşdirib. Brüsseldə də artıq bu yanaşmanın əhəmiyyəti aydın şəkildə qəbul olunur.


Avropa İttifaqının Azərbaycana marağını şərtləndirən əsas amillərdən biri də ölkənin yerləşdiyi mürəkkəb geosiyasi məkana malik olduğu müasir infrastruktur imkanlarını uğurla uzlaşdırmasıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan enerji, logistika və ticarət əlaqələrinin təmin olunmasında mühüm körpü funksiyasını yerinə yetirir. Məhz bu strateji baxış sayəsində Azərbaycan regional prosesləri izləyən deyil, onları formalaşdıran ölkələr sırasında yer alır. Enerji əməkdaşlığı isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropanın Rusiya qazından asılılığını azaltmaq zərurəti ilə üzləşdiyi dövrdə Avropa İttifaqının üzünü Azərbaycana çevirməsi Bakının etibarlı tərəfdaş statusunu bir daha təsdiqlədi. Həmin dövrdən indiyədək Azərbaycan Avropa bazarına qaz ixracını təxminən 65 faiz artırıb. Ən önəmlisi isə Azərbaycanın üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam həcmdə yerinə yetirməsidir. Hazırda Azərbaycan 15-dən çox ölkəyə, o cümlədən 10 Avropa dövlətinə 10 milyard kubmetrdən artıq təbii qaz ixrac edir və bu göstəricinin gələcək illərdə daha da artacağı gözlənilir. Bu, Azərbaycanın enerji siyasətinin etibarlılığını və uzunmüddətli strateji planlaşdırma imkanlarını nümayiş etdirir.


Bununla yanaşı, Bakı ilə Brüssel arasında əməkdaşlıq artıq yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Yaşıl enerji istiqamətində həyata keçirilən layihələr münasibətlərin yeni inkişaf xəttini müəyyənləşdirir. Azərbaycanın zəngin bərpa olunan enerji potensialı, xüsusilə Xəzər dənizində külək enerjisi imkanları və Mərkəzi Asiya ölkələrinin resurslarının Transxəzər marşrutu vasitəsilə Avropa bazarına çıxarılması perspektivi Avropa üçün tamamilə yeni enerji xəritəsi formalaşdırır. Bu baxımdan Ursula fon der Lyayenin enerji ilə yanaşı enerji konnektivliyi üzrə ayrıca tərəfdaşlıq platformasının yaradılmasını təklif etməsi münasibətlərin strateji xarakterinin daha da dərinləşdiyini göstərir. İqtisadi göstəricilər də bu tərəfdaşlığın miqyasını aydın şəkildə ortaya qoyur. Hazırda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu fakt Azərbaycanın regionun aparıcı iqtisadi gücü olduğunu bir daha təsdiqləyir. Brüsselin ticarət əlaqələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər də məhz bu reallıqdan irəli gəlir. Səfər zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə də xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Avropa İttifaqının sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketi təklif etməsi və iki ölkə arasında sülhün iqtisadi dividendləri ilə bağlı gündəliyin formalaşdırılmasını dəstəkləməsi Brüsselin artıq regiona yalnız təhlükəsizlik prizmasından deyil, inkişaf və əməkdaşlıq perspektivindən də yanaşdığını göstərir. Bu isə Azərbaycanın uzun müddətdir irəli sürdüyü regional əməkdaşlıq konsepsiyası ilə üst-üstə düşür.

Ümumilikdə, Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirən mühüm siyasi göstəricidir.


Bu gün Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurmağı bacaran azsaylı dövlətlərdəndir. ABŞ ilə strateji, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri və Avropa İttifaqı ilə getdikcə daha dərin strateji xarakter alan əməkdaşlıq Prezident İlham Əliyevin balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Əsas məqam isə ondan ibarətdir ki, Avropa İttifaqı artıq Azərbaycana yalnız enerji resurslarının təchizatçısı kimi baxmır. Brüssel Azərbaycanın regional sülhün təmin edilməsində, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, yeni nəqliyyat və logistika dəhlizlərinin formalaşdırılmasında həlledici rol oynayan geosiyasi güc olduğunu qəbul edir. Məhz bu yanaşma Bakı ilə Brüssel arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini və gələcək əməkdaşlığın daha geniş  strateji məzmun kəsb edəcəyini göstərir.

QAFQAZ  CƏNUBLU 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az