Son günlər Rusiya mediasında və sosial şəbəkələrin müxtəlif seqmentlərində, eləcə də teleqram kanallarında Azərbaycanla bağlı tənqidi məzmunun artdığı müşahidə olunur. Bu, əvvəlki dövrlə müqayisədə informasiya müstəvisində ritorikanın yenidən sərtləşdiyini göstərir.

Ayrı-ayrı media platformalarında oxşar mövzuların və qərəzli yanaşmaların paralel şəkildə, özü də kampaniya halında gündəmə gətirilməsi bu prosesin müəyyən informasiya gündəmi çərçivəsində sistemli şəkildə formalaşması barədə haqlı müzakirələrə yol açır. Bütün bunlara baxmayaraq, rəsmi Bakı davranışlarında, eləcə də son bəyanatlarında ikitərəfli münasibətlərin, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin qorunub saxlanılmasının vacibliyini vurğulayır və daim buna da çalışır. Amma adından da göründüyü kimi ikitərəfli münasibətlərdə iki tərəf iştirak edir, odur ki, gərək qarşı tərəf də bu münasibətləri dəyərləndirsin və qorusun. Təəssüf ki, Rusiya tərəfdən başqa davranışlar müşahidə olunur. Halbuki Azərbaycan Prezident İlham Əliyevin IV Qlobal Şuşa Media Forumunda Rusiya-Azərbaycan əlaqələrinə dair sualı cavablandırarkən səsləndirdiyi fikirlərində münasibətlərin normallaşması istiqamətində atılan addımlar, müxtəlif səviyyələrdə təmasların bərpası və əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi yüksək dəyərləndirilir.

Bildirilir ki: “Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir.”
Azərbaycan Prezidentinin bu fikirləri bir daha göstərir ki, rəsmi Moskva ilə münasibətlərin inkişaf etdirilməsi Bakının əsas prioritetləri sırasındadır. Elə xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya reallaşdırılan növbəti səfəri də diplomatik dialoqun davam etdirilməsi niyyətindən xəbər verir.

Amma bu fonda qarşı tərəfin informasiya məkanında müşahidə olunan qərəz və hətta təhqir dolu sərt ritorikası rəsmi diplomatik təmaslarla müqayisədə müəyyən ziddiyyətlər yaradır. Bir yandan Rusiya tərəfindən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müsbət, nikbin mesajlar verilir, digər tərəfdən isə bəzi media resurslarında Azərbaycan və azərbaycanlılarla bağlı ümumiləşdirici, mənfi və emosional yanaşmalar tirajlanır. Belə hallar isə nəinki ictimai rəyə təsir göstərə, xalqlar arasında qarşılıqlı etimadı zəiflədə, eləcə də rəsmi münasibətləri də soyuda bilər. Xüsusilə Rusiyada yaşayan azərbaycanlılarla bağlı ümumiləşdirici ittihamların və mənfi stereotiplərin yayılması ayrı-seçkilik risklərini artıran tendensiya kimi qiymətləndirilə bilər. Etnik mənsubiyyətə görə bütöv bir icmanın kriminal hadisələrlə eyniləşdirilməsi həm ictimai münasibətlərə, həm də dövlətlərarası əlaqələrin humanitar tərəflərinə mənfi təsir göstərən yanaşmadır. Çünki bu cür ritorika cəmiyyətdə qarşıdurmanı dərinləşdirə və qarşılıqlı etimadı zəiflədə bilər. Rusiya mediasında müşahidə olunan növbəti informasiya kampaniyasının səbəbləri ilə bağlı isə müxtəlif real ehtimallar irəli sürə bilərik.

Ekspertlər hesab edir ki, rusiya mediasının son davranışlarında əsas
hədəflər sırasında bunlar ola bilər: Dumaya seçkilər ərəfəsində ictimai
etimadsızlığın artması, eləcə də son zamanlar Ukrayna ilə müharibədə ciddi
uğursuzluqlar, ölkədə kəsikin yanacaq böhranı, xalqın getdikcə artan narazılığı
Rusiya hakimiyyətini yeni düşmən obrazı axtarmaq, onu yaratmaq və mövcud nifrəti, narazılığı o
istiqamətə yönıəltmək, bununla da hökumətin yarıtmaz fəaliyyətindən yaranan
problemlərdən ictimai diqqəti yayındırmaq. Ancaq reallıq göstərir ki, Rusiyada vəziyyət getdikcə gərginləşir,
Qərbin iqtisadi sanksiyalarının yaratdığı təzyiq və Ukrayna ordusunun enerji infrastrukturuna yönəlmiş dron zərbələrinin
fonunda Rusiya müxtəlif ciddi iqtisadi və milli təhlükəsizlik çağırışları ilə
üz-üzə qalıb. Belə bir şəraitdə informasiya məkanında yeni qarşıdurma mühitinin
formalaşdırılması və ya Azərbaycan ətrafında mənfi gündəmin yaradılması təbii
ki, mövcud problemlərin həllinə xidmət etmir. Əksinə, bu cür yanaşmalar
regionda etimad mühitini zəiflətməklə yanaşı, ikitərəfli münasibətlərin gələcək
inkişafı üçün əlavə risklər də yaradır.
Uzunmüddətli perspektivdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və
konstruktiv dialoq həm siyasi, həm də iqtisadi baxımdan tərəflər üçün daha
rasional seçim olardı. Kremldə, xüsusilə
də Rusiyanın aparıcı media qurumlarında çalışanlar bunu nə qədər tez dərk etsələr
indiki durumda ölkələri üçün bir o qədər də faydalı olardı.
QAFQAZ CƏNUBLU