Milli Məclisin deputatı Azay Quliyev AZTV-nin "Hədəf" verilişində Almaniyanın Azərbaycan və Ermənistanla imzaladığı "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamələri" müqayisə edərək, Berlinin Azərbaycan ilə münasibətlərə daha geniş strateji məzmun verdiyini bildirib.
Deputat qeyd edib ki, Almaniyanın Ermənistanla 9 dekabr 2025-ci ildə, Azərbaycanla isə 21 iyul 2026-cı ildə imzaladığı bəyannamələr arasında mühüm fərqlər mövcuddur. Onun sözlərinə görə, bu fərqlər enerji təhlükəsizliyi, yaşıl enerji, müdafiə və təhlükəsizlik, rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi, Orta Dəhliz, geniş iqtisadi əməkdaşlıq, regional və qlobal məsələlər üzrə yüksək səviyyəli məsləhətləşmələr, eləcə də sülh prosesinə dəstək kimi istiqamətlərdə özünü göstərir.
Azay Quliyev bildirib ki, Azərbaycanla imzalanmış sənəddə 8 avqust 2025-ci il Vaşinqton Zirvə Görüşünün nəticələri və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan tarixi irəliləyiş xüsusi vurğulanır. Almaniya regionda davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə tam dəstəyini ifadə edir. Ermənistanla imzalanmış bəyannamədə isə bu məsələlərə yalnız ümumi istinad edilir.
Deputatın sözlərinə görə, Azərbaycanla imzalanan sənəddə yüksək səviyyəli siyasi məsləhətləşmələr, nəticəyönümlü dialoq mexanizmləri, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi də ayrıca təsbit olunub.
İqtisadi və enerji sahəsində də fərqlərin diqqətçəkən olduğunu deyən Azay Quliyev bildirib ki, Azərbaycanla sənəddə Almaniya–Azərbaycan Yüksək Səviyyəli Ticarət və Sərmayə İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi, yaşıl enerji, yaşıl hidrogen və aşağı karbon texnologiyaları prioritet istiqamətlər kimi müəyyən edilib. Bundan əlavə, Azərbaycanla Almaniya arasında Biznes Şurasının yaradılması haqqında ayrıca bəyannamə də qəbul olunub.
Deputat vurğulayıb ki, ən mühüm fərqlərdən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Onun sözlərinə görə, Azərbaycanla imzalanmış sənəddə nazirlər səviyyəsində təhlükəsizlik dialoqu, müdafiə sənayesi, müdafiə akademiyaları arasında əməkdaşlıq, mütəxəssis və tələbə mübadiləsi kimi istiqamətlər yer alır. Ermənistanla imzalanmış bəyannamədə isə bu müddəalar yoxdur.
Azay Quliyev hesab edir ki, Almaniyanın bu yanaşması Azərbaycanın təhlükəsizlik və müdafiə sahəsində etibarlı tərəfdaş kimi qiymətləndirildiyini göstərir.
Deputat əlavə edib ki, Azərbaycanla bağlı sənəddə rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi, inkişaf etməkdə olan texnologiyalar, elm və innovasiya da əməkdaşlığın ayrıca istiqamətləri kimi müəyyən olunub.
O, bəyannamələrin hüquqi-siyasi çəkisi baxımından da fərqləndiyini diqqətə çatdırıb. Bildirib ki, Ermənistanla imzalanmış sənəddə onun beynəlxalq müqavilə hesab edilmədiyi və hüquqi öhdəlik yaratmadığı açıq şəkildə qeyd olunur. Azərbaycanla imzalanmış sənəddə isə belə məhdudlaşdırıcı müddəalar yer almır ki, bu da uzunmüddətli strateji əməkdaşlıq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.
Azay Quliyev vurğulayıb ki, bütün bunlar Almaniyanın Cənubi Qafqaz siyasətində Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın artan geosiyasi, geoiqtisadi və enerji əhəmiyyətini, eləcə də ikitərəfli münasibətləri uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətini əks etdirir.
Deputat, həmçinin sənədin icrasının uğurla təmin olunacağına və növbəti mərhələdə Azərbaycanla Almaniya arasında Strateji Tərəfdaşlıq haqqında sazişin imzalanacağına inandığını bildirib.