“Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”

19:24 - 04 Fevral 2022

“Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”

“Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb”.

Manşet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

“İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir.

Hesab edirəm ki, yeni nəticələrin necə əldə olunması üçün biz gələcəyimizi koordinasiya və xoşməramlı şəkildə birlikdə planlaşdırmalıyıq. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir - bir trilyon kubmetr. Əminəm ki, daha çox olacaq. Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız, görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində gözlənildiyindən daha böyük həcmdə ehtiyatları görürük. Bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün olmuşdur. Çünki bu gün bu sahədə texnologiya sürətlə inkişaf edir.

Buna görə də mən əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Dediyim kimi, “Şahdəniz” Azərbaycanda əsas qaz yatağıdır və bu vaxtadək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir. Ümid edirik ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələlərlə aparılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, bizim də artan tələbatımızı qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər.

Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. Əlbəttə ki, bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu, bizim bugünkü potensialımızdır. Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu - Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”, - dövlət başçısı qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az