Aprelin 23-də Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsini qurması ermənilərin bütün planlarının üstündən qalın bir xətt çəkdi. Belə ki, hələ 1992-ci ildə Laçın rayonu işğal ediləndən bir neçə il sonra ermənilər Laçının Zabux kəndində qondarma "DQR"-lə Ermənistan arasında sərhəd-keçid məntəqəsi, hətta gömrük postu da qurmuşdular. Onların versiyasında bura iki "dövlətin" sərhədi idi. Əslində isə bu məntəqə və post sadəcə tamaşa, görüntü idi, oralara xaricdən sülənməyə gələnlərə göstərmək üçün idi. Laçın azad ediləndən sonra həmin sərhəd-keçid məntəqəsi və gömrük postu da gorbagor oldu.
Təəssüf ki, 44 günlük müharibədən ermənilər nəyinki dərs çıxara bilmədilər, hətta atacaqları təxribatyönlü addımın onlar üçün növbəti dəfə hansı acı aqibəti ilə qarşılaşmalarına səbəb olacağını düşünə bilmirlər. Görünür ona görədir ki, ermənilər son günlər Həkəri çayının üzərindəki yeni körpünün yanında, çayın sağ sahilində şərti sərhədin öz tərəflərində həmən bu tamaşanı bərpa etmək istəyirdilər. Bu, həm də gorbagor olmuş "DQR"i diriltmək cəhdidir, başqa adı yoxdur. Elə bu təxribata qarşılıq olaraq Azərbaycan çoxdandır dediyi sərhəd-keçid məntəqəsini qurmaq üçün dərhal hərbiçilərini həmin istiqamətdə irəliləyərək Laçın yolunun başlanğıcında Gömrük postunu, sərhəd keçid məntəqəsini qurmaq qərarına gəldi.
Öz adı ilə çağırsaq, Laçın yolundakı məntəqə regional hərbi tarazlığın pozulması cəhdlərinə, Azərbaycan sərhədləri yaxınlığında silahlı təxribatlara cavab olaraq quruldu. Bu, sərhəd mübahisələrinin daxili məsələlərlə əlaqələndirilməsi, münaqişənin yenidən zühur etdirilməsinə qarşı, real və potensial təhdidlərin dəf edilməsini asanlaşdıran addımdır. Hadisə Azərbaycan-Ermənistan şərti sərhədlərindəki təhlükəsizlik sistemi üçün presedent rolunu oynaya bilər, hərçənd sərhəddə Azərbaycanın xeyrinə daha böyük hadisələrin olacağını proqnozlaşdıra bilən əlamətlər çoxdur…
Nəticədə isə şərti dövlət sərhədimizdə həqiqi nəzarət-buraxılış məntəqəsi quruldu. Əslində Azərbaycanın bu addımına ABŞ, Fransa və hətta İran və Rusiyadan da müəyyən narahatedici bəyanatlar, açıqlamalar eşidəcəyimiz gözlənilən idi. Amma Azərbaycanın təhlükəsizliyi, suverenliyi ən prioritet məsələ olduğundan, heç bir təhdid Bakını qərarından, atacağı qətiyyatli addımdan geri çəkindirə bilməzdi.
Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyini də nəzərə alsaq, xatırlatmaq yerinə düşər ki, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.
Lap əvvələ getsək, bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan təyinatının əksinə olaraq qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır.
Azərbaycanın sərhəd-keçid məntəqəsi qurması Ermənistan hərbi-siyasi rəhbərliyində elə bir çaşqınlıq yaradıb ki, məhz bu hadisədən sonra rəsmi İrəvandan ard-arda güya Azərbaycanın Üçtərəfli bəyanat üzrə öhdəlikləri pozduğu barədə əsassız iddiaların şahidi olduq. Bu iddialara gəldikdə Ermənistan tərəfinə xatırlatmaq yerinə düşər ki, rəsmi İrəvan ən yüksək səviyyədə Laçın yolundan hərəkətin təşkili məsələsində Üçtərəfli bəyanatla bu ölkəyə hər hansı bir funksiya verilmədiyini təsdiq edib.
Bu fonda, Ermənistan XİN-in Üçtərəfli bəyanatın tərəfi kimi Ermənistanın Azərbaycan tərəfindən atılan addımı qəbuledilməz adlandırması məntiqsiz və bəyan edilmiş bu mövqeyə ziddir. 10 noyabr sənədinə əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.
Azərbaycan üçün sərhəd təhlükəsizliyinin təmin edilməsi olduqca həssas bir məsələdir, çünki bu məsələ Azərbaycan dövləti üçün milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə cəfəng iddiasının nə qədər əsassız və qəbuledilməz olduğu ötən gün Ermənistandan Laçın yolu vasitəsi ilə Qarabağa doğru hərəkət edən ermənilərin nəqliyyat vasitələrinin sərhəd keçid məntəqəmizdə yoxlanıldığını əks etdirən kadrlar da deməyə, düşünməyə çox böyük əsaslar yaradır.
Ehtimal etmək olar ki, Qarabağ ermənilərinin tez-tez nəzarətimizdən keçməklə Azərbaycan-Ermənistan və Ermənistan-Azərbaycan istiqamətində bu marşurutdan istifadə etmələri uzun illərdir Azərbaycan barəsində beyinlərinə yeridilən "zülmkar, qəddar, qaniçən" təəssüratları tamamilə darmadağın olacaq, "Dənizdən-dənizə böyük Ermənistan" arzuları kimi. Bu təmaslar imkan verəcək ki, sadə Qarabağ erməniləri anlasınlar ki, əslində bu zamana kimi onlara zülm-zillət yaşadan, aldadan, başlarının altına yastıq qoyan, onları məhz edən elə qondarma rejim qalıqları, separatçılar, Ermənistan dövləti olub.
Yayılan kadrlardan böyük əminliklə deyə bilərik ki, məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu görən defakto vətəndaşlarımız - etnik ermənilər Azərbaycanın qanunları, tələbləri əsasında məhz Azərbaycan vətəndaşı kimi yaşamağa üstünlük verəcəklər və belələrinin sayı hər ötən gün sürətlə artacaq.
Hər halda, görünən odur ki, sərhəd-buraxılış məntəqəsi Qarabağdalkı ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına reinteqrasiyası üçün yeni mərhələdir – indi separatçılar, mülki ermənilər bu şansı dəyərləndirməlidir. İndi separatçıların özləri və mülki erməni əhali üçün düzəltdiyi saxta pasportların da əhəmiyyəti qalmır, çünki keçid zamanı o pasportlar tanınmayacaq. Deməli, keçidin təmini üçün həmin pasportlar Azərbaycan, ya da Ermənistan pasportları ilə əvəzlənməlidir. Azərbaycan milli təhlükəsizlik prizmasından çıxış edərək ölkə qanunlarına itaətsizlik göstərəcək şəxslərin cəzalandırılacağı isə heç istisna edilmir. Konkretləşdirsək, qanun hər kəs üçün qanundur...
Yaxşı olar ki, sülh danışıqlarını boykot etməyin yollarını axtaran Ermənistan rəhbərliyi yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq əvəzinə, bu kimi təxribatlardan əl çəkməyin, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağın, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik əvəzinə konstruktiv mövqe sərgiləməyin alternativinin olmadığını dərk etsin.
Atabəy Türkel