Xəbər verdiyimiz kimi 50-yə yaxın erməniəsilli şəxs Azərbaycanın Livandakı Səfirliyi qarşısında aksiya keçirib. Onlar səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
Millət vəkili Cavid Osmanov Manset.az-a məsələ ilə bağlı münasibət bildirib.
Millət vəkilinin sözlərinə görə Livanda erməni əsilli şəxslər tərəfindən Azərbaycan səfirliyinə edilən hücum şiddətlə qınanılmalıdır və hücumda iştirak edənlərin hər biri həmin ölkənin hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq məsuliyyətə cəlb edilməlidir:

“Bu təxribat hadisəsi şiddətlə qınanılmalıdır. Həmin şəxslər təcili aşkarlanmalı hüquqi müstəvidə cəzalandırılmalıdır. Belə bir addım atılmasa o zaman digər ölkələrdə olan erməni terrorçuları diplomatik korpus nümayəndəliklərimizə hücumlar təşkil edə bilərlər. Azərbaycan Xarici İşlər Nazirliyindən artıq Livan XİN-ə nota təqdim edilib. İlkin prosedur və addımlar atılıb. Məlumatda qeyd olunubki, hüquq mühafizə orqanları hadisə yerinə gələnədək artıq həmin terrorçular oranı tərk ediblər. Bütün bunlara baxmayaraq video görüntülər var. Ermənistan və havadarları bilməlidir ki, bu cür təxribatlar Azərbaycanı öz haqqlı və ədalətli yolundan çəkindirməyəcək. Azərbaycanın atdığı addımlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Bundan sonra da qətiyyətlə öz hədəflərinə çatmaq üçün tədbirlər həyata keçirəcək”.
Cavid Osmanov qeyd edib ki, Ermənistan, erməni lobbisi və havardarları Vətən müharibəsində, o cümlədən ondan sonrakı müddət ərzində bu günə kimi siyasi diplomatik müstəvidə məğlubiyyətlərini artıq görürlər və ona görə də Azərbaycana qarşı təxribatlar törədirlər:
“Ermənistan, erməni lobbisi və havadarları tərəfindən belə addımların atılması birinci dəfə deyil. Ümumilikdə, həm Ermənistan ölkə olaraq, həm də erməni lobbisi hər zaman müxtəlif terror təşkilatları yaratmaqla məşhurdurlar. Hər birimizin xatirindədir ki, 2020-cu ilin Tovuz hadisələri zamanı ermənilər Azərbaycanın diplomatik korpuslarına belə terror hücumları təşkil edirdi. 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq”.
Əfsanə Rəcəb,
Manşet.az