“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat
fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi
görüşlər təşkil edir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən
keçirilən belə tədbirlərdən biri Ağdamda baş tutub.
Manset.az xəbər verir ki, Ağdam rayon Heydər Əliyev Mərkəzində təşkil olunan
görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN
Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə
Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Aran Regional Enerji Təchizatı və
Satışı İdarəsinin (RETSİ) rəisi Zülfi Ağayev, Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Vaqif Həsənov iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata
keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib.
Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif
gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.
Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə
məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər
haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma
prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla
yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin
balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda
yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər,
qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu
ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların
sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də
elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat
verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli
üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan
onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub.
İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi
problemlər yerindəcə həll olunub.
Görüş zamanı “Azərişıq” ASC-nin Tədris və
İnnovasiyalar Mərkəzinin təşkil etdiyi “Sabaha yaşıl işıq” kursları barədə də ətraflı
məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən
lisenziya əsasında tədris kursları fəaliyyət göstərir. Burada dərin biliyə,
bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay
müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın bir çox aparıcı
energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim olunur.
“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici
tədbirlər, görüşləri davam etdirir. Fermer və sahibkarların fikirləri, təklifləri,
tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər
aparılır. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin
olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.