Xalq yazıçısı Kamal Abdullanın aforizmlər və seçilmiş fikirlər toplusu olan “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada alman dilində çap olunub.
Manset.az xəbər verir ki, kitab “Epubli-Pem” nəşriyyatında nəşr edilib. Əsəri alman dilinə H. Hermann Kiel tərcümə edib. Redaktoru Orxan Arasdır.
Kitabda müəllifin uzun
illər ərzində yazdığı şeir, esse, pyes, hekayə, roman, publisistika və elmi məqalələrdən
seçilmiş, “qranula” – yəni mətnin cövhəri hesab olunan fikirlər ilk dəfə ayrıca
şəkildə təqdim olunur. Müəllif kitabın ön sözü kimi “Məni sevən oxucuma son hədiyyəm”
başlığı altında aşağıdakı fikirləri oxuculara ünvanlayır:
“İllərdən bəri yazdığım
müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin
və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün
də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin
bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca
ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən
ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq
dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri)
idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri
siləndən sonra yerdə qalan cövhərdir.”
Orxan Aras kitab üçün
yazdığı ön sözündə bu nəşrin gənc nəslin mənəvi formalaşmasında əhəmiyyətini
vurğulayıb:
“Kamal Abdulla kimi təcrübəli
yazıçının keçmişdən bu günə toplayıb ötürdüyü aforizmlər gənclər üçün xüsusilə
önəmlidir. Bu kitabda təkcə onun öz əsərlərindən vacib dialoqlar deyil, həm də
onların sevgisini yenidən alovlandıran qlobal incəsənət hərəkatları haqqında bəzi
dəyərli sitatlar var.”
Kitabda yalnız müəllifin əsərlərindən
deyil, əvvəlki nəşrlərdə yer almayan yeni nümunələr də təqdim olunub. Eyni
zamanda, əhvalat və mövzuya uyğun olaraq Kamal Abdullanın sevdiyi yazıçı və
şairlərin şeirləri, misraları və fikirləri də kitabda yer alıb.
Bu nəşr Azərbaycan ədəbiyyatının
seçilmiş fikirlər vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından
mühüm hadisə hesab olunur.
Qeyd edək ki, Seçmələrin
Seçməsi – Qranulalar” kitabı Bakıda 2024-cü ildə işıq üzü görüb.
Müəllifi kitabı yazmağa
ruhlandıran imzalar Xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli
və Fərhad Təhməzlidir.