Azərbaycanda "evlilik krediti" verilə bilər? – Evlənmək istəyənlərə ŞAD XƏBƏR

16:13 - 02 Oktyabr 2025

Azərbaycanda \"evlilik krediti\" verilə bilər? – Evlənmək istəyənlərə ŞAD XƏBƏR

Türkiyədə gənclərə təqdim olunan faizsiz evlilik krediti Azərbaycanda da gündəmə gələ bilər. Ekspertlər hesab edirlər ki, belə bir layihənin tətbiqi gənc ailələrin yükünü azaldaraq həm sosial rifaha, həm də demoqrafik inkişafına mühüm töhfə verə bilər.

 

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Manset.az-a açıqlamasında bildirib ki, yeni qurulan ailələrə dəstək layihələri bir çox xarici ölkələrin təcrübəsində mövcuddur.


“Bir çox ölkələrdə uzun müddətdir bu proqram tətbiq olunur. Məqsəd ailələrin qurulmasının stimullaşdırılması, aztəminatlı gənclərin ailə qura bilməsi üçün müəyyən sosial dəstək paketləri həyata keçirilir. Bura ödənişsiz verilən yardımlar, eyni zamanda kreditlər də daxildir. Bəzi ölkələrdə sosial mənzillər almaq üçün 20-30 il müddətə və çox cüzi faizlə münasib mənzillərin verilməsi təklif olunur. Bəzilərində birbaşa dövlət yardımı olaraq 20-50 min arası maliyyə vəsaiti verilir. Məsələn, İranda bunu müxtəlif fondlar, xeyriyyə cəmiyyətləri vasitəsilə edirlər. Ev yoxdursa, ev, əks halda, cehiz alırlar”.

Sosioloq qeyd edib ki, Azərbaycanda ailə quranların sayı kəskin azalıb. Bu rəqəm artıq 40 faizə çatıb və artıq bununla bağlı həyəcan təbili çalınmalıdır.

“Azərbaycanda boşanmaların sayı 50 faizi keçib, bununla paralel yeni ailələrin qurulması da bir o qədər azalıb. Bunun əsas səbəbləri 90 faiz sosial-iqtisadi səbəblərdir, evsizlik, yoxsulluq və s. səbəblər ailələrin qurulmasını əngəlləyir. 10 faiz mənəvi deqradasiyanın təsiridir ki, bu artıq sosial-maddi problemi olmayan şəxslərə daha çox şamil olunur. Buna görə də Azərbaycanda mütləq şəkild yeni qurulan ailələrə dəstək paketinə ehtiyac var. Xüsusən, mənzil məsələsində, sosial evlərin verilməsində bu dəstək daha böyük olmalıdır. Yaxşı olar ki, birdəfəlik dövlət yardımının verilməsi mümkün olardı. Bundan əlavə uşaq pulunun verilməsi də vacibdir. Evlənməklə iş bitmir, hazırki əməkhaqqı ilə birdən artıq uşaq dünyaya gətirmək gənc ailələrin bir çoxu üçün imkansızdır. Buna görə də, sosial dəstək paketi Azərbaycanda hazırlanmalıdır. Gənclərin uzunmüddətli güzəştli kreditlərlə ev alması, birdəfəlik yardımın verilməsi və uşaqpulu formasında müəyyən məbləğin verilməsi. Bunlar olmasa, Azərbaycanda bu tendensiya sürətlə davam edəcək. Evliliklər azalacaq, mövcud olan evliliklərdə isə artıq biruşaqlı ailə modelinə keçid olacaq. Bu, bir millətin məhv olması deməkdir. Millətin davamlılığı üçün ailələrdə uşaq sayı 3 olmalıdır. Bir, hətta iki uşaqlı ailə belə millətin tədricən azalaraq yox olmasına gətirib çıxara silər”.

Elçin Bayramlı vurğulayıb ki, bu məsələ ciddi genefond, milli təhlükəsizlik məsələsidir. Bu səbəbdən problemə həssas yanaşmaq lazımdır.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az