Elm insanın özünü və kainatı tanıma yoludur, inkişaf isə bu yolun addımlarını atmaq cəsarətidir.
Qlobalaşan dünya, müasir Azərbaycan və texnoloji inkişaf... Bu meyarlar artıq bütün sahələrin inkişaf dinamikasında vacib priolitet məsələ olaraq təhlil olunmaqdadır.
Çağdaş dövr, yeni tələblər müasir insan təfəkkürünün təkamül prosesini sürətləndirir. Artıq gənclik daha sürətli düşünür, daha çevik davranır. Hər gün yenilənən texnologiyalar məhz insan həyatı və gələcəyinin rifahıdır.
Bunları dərk edib müasir gəncliyin gələcək inkişafı üçün innovativ addımlar atmaq və bunu təhsil-tədris-təlim məsələrində tətbiq etmək günümüzün ən prioritet məsələlərindən biri, bəlkə də birincisidir.
Elə bu səbəbdəndir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutdu və “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I Beynəlxalq Elmi konfransı da həyata keçirildi.
Naxçıvan Dövlət Universitetində (NDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Universitetin birgə təşəbbüsü ilə Naxçıvan İnnovasiya Mərkəzdə təşkil olunan müasir texnologiyalarla zəngin otaqlar gənc tələbələrin elmi- praktik inkişafına mütləq müsbət zəmin yaradacaq.
Tədbirdə NDU-nun rektoru Elbrus İsayev, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov çıxış edərək universitetin müəllim və tələbə kollektivinə uğurlar dilədilər.
O cümlədən vurğulandı ki, Naxçıvan İnnovasiya Mərkəzini təhsilalanların yenilikçi ideyalarının reallaşdırılmasında müasir texnologiyaların və tədris metodlarının tətbiqi ilə yanaşı, eləcə də, ümumilikdə region üçün innovativ yanaşma potensialının inkişafına təkan verəcək. Ölkədə üçüncü, Azərbaycan ali təhsil müəssisələri arasında isə ilk dəfə Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan Mərkəz müxtəlif innovasiyayönümlü layihələrin həyata keçirilməsində texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq.
Mərkəzin açılış mərasimindən sonra “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I Beynəlxalq Elmi konfrans keçirildi.
"Elmi tədqiqatların və KİV-nin keyfiyyət artımında süni intelektin (Sİ) rolu" mövzusunda məqalə ilə iştirak və çıxış etmək, bu yaşananların bir parçası olmaq olduqca qürurverici idi.
Konfransa ölkənin müxtəlif şəhərlərindən dəvət olunan peşəkar bilim adamlarının mövzu ətrafında müzakirələri bu görüşü daha da yaddaqalan etdi.
Məlum olduğu kimi artıq elmin inkişafı və keyfiyyət meyarlarının əsas göstəriciləri sırasında “süni intelekt” (Sİ ) kimi termin daxil olmaqla onun davamlı inkişaf səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Elm və təhsildə Sİ-in öyrənilməsi və tətbiqi aktual məsələ olaraq təhlil olunmaqdadır. Belə ki, o, tədris metodlarını dəyişdirərək, onları daha əlçatan edir, elmdə isə tədqiqat proseslərində məlumatların effektivliyini, təhlil obyektlərinin obyektiv müzakirəsini yüksək səviyyədə təmin edir. O cümlədən maariflənmə nöqteyi-nəzərindən ictimai məlumat bazasının daha dəqiq və genişlənməsinə zəmin yaradır.
Elm insanı azad edir, inkişaf isə onu yüksəldir.
Elm axtarış inkişaf isə bu axtarışı dayanmadan davam etməkdir.
İnanırıq fəaliyyəti dövründə bir sıra ilklərə imza atan Azərbaycan elmi potensialının üfüqlərini genişlındirərək dünyaya qanad açmağa zəmin yaradan NDU-nun rektoru, "Beynəlxalq münasibətlər " kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin innovativ proqramları davamlı olacaq.
Uğurlar diləyirik!
Fəxriyyə Lilpar İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru