Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib.
Manset.az xəbər verir k, tədbir
Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi
uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb.
BDU-nun
sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş
Ağamirzəyev bildirib ki, xalqımız şanlı Zəfərin 5 ilini böyük qürur hissi ilə
qeyd edir. 5 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu düşmən tapdağında qalan torpaqlarımızı azad etmək üçün Vətən
müharibəsinə başladı. 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu. Azərbaycan
Vətən müharibəsi ilə bütün dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi:
“Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu düşmən tərəfindən bir mülki
obyektə belə silah tuşlamadı. Vətən müharibəsi elə bir müharibə idi ki, xalq öz
Ordusu və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşmişdi. Dünyada elə bir
dövlət yoxdu ki, müharibədən dərhal sonra quruculuq işlərinə başlasın. Biz
dünyaya sübut elədik ki, döyüşməklə bərabər, qurub-yaratmağı da bacarırıq. Bu
gün gənclərimiz şanlı Zəfəri çox yaxşı təbliğ edirlər. BDU tələbələri tərəfindən
silsilə tədbirlər, Zəfərimizin qəhrəmanları ilə görüşlər keçirilir. Zəfəri bu qəhrəmanlar
qazandı, onu qorumaq və möhkəmləndirmək isə gənc nəslin üzərinə düşür”.
“Regional
İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin
müdiri Murad Qasımlı qurumun Vətən müharibəsi və ondan sonrakı dövrdə gördüyü
işlərdən bəhs edərək, gənclərin milli dəyərlər, vətənpərvərlik və ictimai məsuliyyət
mövzularında məlumatlandırılmasının əhəmiyyətindən danışıb.
Tədbirin
davamında “Qələbəyə doğru atılan addımlarla” adlı panel müzakirə keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun
moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin üzvü Nizami Səfərov, Vətən
Müharibəsi Qəhrəmanı, Xəzər Dəniz Gəmiçiliyinin şöbə rəisinin müavini Zaur
Hüseynov, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova və Birinci
Qarabağ və Vətən müharibələri iştirakçısı, telejurnalist İlham Tumas Zəfər
Gününün tarixi və mənəvi əhəmiyyətini vurğulayıb, bu Qələbənin xalqımızın milli
birliyi və azadlıq iradəsinin təntənəsi olduğunu, ordumuzun göstərdiyi qəhrəmanlığın
isə gələcək nəsillər üçün nümunə təşkil etdiyini bildiriblər.
Qeyd
edək ki, tədbirin məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək,
şəhidlərin əziz xatirəsini anmaq, qazilərə hörmət və minnətdarlıq hisslərini təbliğ
etmək, həmçinin gənclərin ictimai fəallığını və milli birlik dəyərlərini möhkəmləndirmək
olub.