Azərbaycan mediasında yeni dövr: Artırılan maliyyə dəstəyi nələri dəyişəcək? - Media kapitanları danışır

15:53 - 14 Noyabr 2025

Azərbaycan mediasında yeni dövr: Artırılan maliyyə dəstəyi nələri dəyişəcək? - Media kapitanları danışır

Media güclü dəstək ilə yeni dövrə addım atır: Sektorda gözləntilər və perspektivlər nələrdir? Son dövrlər media sahəsində aparılan islahatlar informasiya mühitinin davamlı inkişafına yönəldilmiş addımların genişləndirildiyini göstərir. Onlayn media qurumlarına ayrılan maliyyə yardımının artırılması isə bu prosesin ən diqqətçəkən yeniliklərindən biri oldu. Yeni maliyyə metodunun tətbiqi həm media orqanlarının fəaliyyət resurslarını gücləndirir, həm də rəqəmsal informasiya bazarında keyfiyyət standartlarının yüksəlməsinə şərait yaradır. Məlumat üçün qeyd edək ki,yeni qərara əsasən, onlayn media qurumlarına ödənilən maliyyənin aylıq məbləği  5000 manata qaldırıldı. Bu həm də, jurnalistlərin əmək haqqının qaldırılmasına səbəb oldu. Yeni qaydalara görə, jurnalistlərin əmək haqqı minimum olaraq 800 AZN müəyyən olunub.

“Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır”.

Bunu Azərtac-a müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli  Agentliyin dəstək müsabiqələrinin yeni qaydalarını şərh edərkən deyib. 

Manset.az Oxu24.com-a istinadən yeni qərarla bağlı media kapitanlarının mövqeyini təqdim edir:

"Qaynarinfo"nun təsisçisi  Zahir Əzəmət fikirlərini bölüşüb.

“Media İnkişafı Agentliyinin onlayn mediaya dəstək məbləğini gələn ildən etibarən 5000 manata yüksəltməsi sevindirici addımdır. Bu qərar həm sektor daxilində rəqabəti gücləndirəcək, həm  də daha keyfiyyətli medianın formalaşmasına şərait yaradacaq.  Müsabiqənin yeni mərhələsində minimum əməkhaqqının 800 manat müəyyənləşdirilməsi  və dörd əməkdaşın bu çərçivəyə daxil edilməsi də müsbət istiqamətdə atılmış addımdır. Belə təşəbbüslər informasiya mühitinin sağlam inkişafına ciddi töhfə verir. Ümid edirik ki, bu tip layihə və müsabiqələr davamlı xarakter alacaq və ölkəmizdə müasir media ekosisteminin inkişafını sürətləndirəcək".

“BakıVaxtı” xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu yeni qərarın əhəmiyyətindən danışıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafı üçün atdığı addımlar göz önündədir. Elə iki aydan sonra 5 illiyini qeyd edəcək Medianın İnkişafı Agentliyinin yaradılması da ölkə mətbuatına göstərilən xüsusi diqqətin sübütudur. Fəaliyyətdə olduğu müddətdə MEDİA adından da göründüyü kimi, mətbuatın inkişafını daim dəstəkləyir, bu istiqamətdə yeni addımlar atır. Medianın İnkişafı Agentliyinin medaiya dəstək üçün elan etdiyi növbəti müsabiqədə diqqət çəkən yeniliklərdən biri, bəlkə də birincisi, onlayn media subyetlərinə veriləcək maliyyə yardımının artırılmasıdır. Danılmaz faktdır ki, hər bir mətbu orqanın əsas problemlərindən  biri  maddi davamlılıqdır. MEDİA da bunu nəzərə alaraq, onlayn media üçün maliyyə dəstəyini 3 min manatdan 5 minə qaldırıb. Bu addım ilk növbədə hər redaksiyanın əlavə bir jurnalisti işlə təmininə kömək edəcək. Bundan başqa, jurnalistlərin əmək haqqında  da artım olacaq. Elə MEDİA-nın elan etdiyi müsabiqədə də bu dövr ərzində müvafiq 4 nəfər işçinin hər birinin əməkhaqqının minimum 800 manat təşkil edilməsi şərt kimi qoyulur. Bu qərar sayt əməkdaşlarının daha məhsuldar çalışmasına da təkan verəcək. Belə ki, maaşında artım olan müxbir “kopyala-yapışdır” üsulundan imtina edəcək, daha çox müsahibə, araşdırma, reportaja, təhlilə üstünlük verəcək, oxucu qarşısına maraqlı yazılarla gəlməyə çalışacaq. MEDİA-nın sonuncu yenilikləri səthi xəbərçilikdən keyfiyyətli jurnalistikaya keçiddə körpü rolunu oynayacaq”.

"Manşet.az" xəbər portalının direktoru Famil Fərhadoğlu göstərilən dəstək mexanizminin genişləndirilməsini sektorda ciddi irəliləyiş kimi dəyərləndirib.

"Bu gün Azərbaycanda media sektoruna göstərilən dövlət qayğısı və diqqət özünün ən real ifadəsini praktiki addımlarda tapır. Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra həm onlayn media subyektlərinə, həm də çap mediasına sistemli şəkildə maliyyə dəstəyi göstərilməsi bu sahədə dayanıqlı inkişafın əsasını qoyub.

Son illər həyata keçirilən maliyyə mexanizmləri media qurumlarının həm əməkdaşların əməkhaqlarını ödəməsinə, həm də texniki imkanlarını gücləndirməsinə şərait yaradıb. Xüsusilə, xəbər portallarının və çap mediasının infrastrukturunun yenilənməsi, platformaların texniki göstəricilərinin modernləşdirilməsi bu  sahəyə keyfiyyət baxımından ciddi dinamika gətirib.

Əvvəlki dövrlərdə müsabiqələrdə qalib gələn media resurslarına 6 ay müddətində hər ay 3 min manat həcmində maddi dəstək göstərilirdisə, son müsabiqədə bu məbləğin 5 min manata çatdırılması dövlətin media sahəsinə verdiyi önəmin daha bir göstəricisidir. Bu artım media qurumlarının maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, əməkdaşların sosial təminatının yaxşılaşdırılmasına imkan yaradır.

Yeni mexanizm həm də media subyektlərində peşəkar komanda formalaşdırılmasını zəruri şərt kimi ortaya qoyur. Müsabiqə tələblərinə əsasən hər bir media qurumunda bir məsul redaktor və ən azı üç jurnalistdən ibarət peşəkar heyət fəaliyyət göstərməlidir. Bu isə prosesin formal xarakter daşımadığını, əksinə, peşəkarlığın real şəkildə stimullaşdırıldığını göstərir. Nəticədə jurnalistlər əvvəlki dövrə nisbətən daha yüksək, 800 manatadək əməkhaqqı əldə edəcəklər ki, bu da sahədə kadr davamlılığını və motivasiyanı artıran mühüm amillərdəndir.

Maliyyə mexanizminin təkmilləşdirilməsi media mühitində sağlam rəqabət atmosferi də formalaşdırır. Müsabiqədə iştirak edən və qalib gələn informasiya resursları arasında yaranan rəqabət jurnalistlərin daha məsuliyyətli, daha peşəkar və daha yaradıcı çalışmağa sövq edir. Bu isə ümumilikdə ölkədə peşəkar medianın güclənməsinə xidmət edən strateji addım kimi dəyərləndirilir.

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələr çərçivəsində jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlər, seminarlar təşkil olunur. Bu proqramlarda həm tanınmış beynəlxalq təlimçilər, həm də yerli media məktəbinin qocaman nümayəndələri dərs deyərək bilik və təcrübələrini bölüşürlər.

Bütün bu addımlar göstərir ki, Azərbaycanda media sektorunun modernləşdirilməsi, kadr potensialının gücləndirilməsi və dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu siyasət yaxın perspektivdə həm informasiya keyfiyyətinin yüksəlməsinə, həm də cəmiyyətin mediyaya olan etimadının daha da artmasına real zəmin yaradır",-deyə jurnalist bildirib.

“32gun.az” saytının baş redaktoru Aygün İlqar təmsil etdiyi media qurumunun da adını bu siyahıda görmək istədiyini bildirib.

MEDİA daim jurnalistləri dəstəkləyir, onların fəaliyyətini diqqətdən kənarda qoymur və üzləşdikləri problemlərlə mütəmadi maraqlanır.Qurumun media nümayəndələrinə göstərdiyi bu yanaşmadan ümumilikdə razıyıq.

Bizim redaksiya - 32gun.az hələlik MEDİA-nın onlayn media subyektlərinə dəstək müsabiqəsində qalib gələ bilməyib. Lakin,gənc media kapitanı kimi inanıram ki, yaxın zamanda həmin siyahıda yer alacağıq.Hər kəsə bu yolda uğurlar arzu edirəm”,-deyə baş redaktor bildirib.

Məlumat üçün qeyd edək ki,Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılıb.Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovdur. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az