Bu gün gecədən etibarən qış mövsümü ilə əlaqədar yaşayış binalarına istiliyin verilməsinə başlanılır.
Bu məlumatı Manset.az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də istilik mövsümü noyabrın 15-də başlayır.
"Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Noyabrın 1-dən etibarən 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) 34 qazanxana vasitəsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər "Azəristiliktəchizat" ASC-nin istilik mənbələrinə qoşulub.
2025-2026-ci illər payız-qış mövsümü ərzində "Azəristiliktəchizat" ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.
Noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq", - deyə Elvin Basqallı bildirib.