Cütlüklərin ayrılmalarının əksəriyyəti nə emosional impulsların, nə də qəfil verilmiş qərarların nəticəsidir. Bu, tam şəkildə dərk olunmuş və diqqətlə ölçülüb-biçilmiş addımdır. Bu qənaətə 2025-ci ilin oktyabrında "The Journal of General Psychology” jurnalında dərc olunan yeni tədqiqatın müəllifləri gəlib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumat Amerika psixoloqu Mark Treversin "Forbes” üçün yazdığı məqalədə yer alıb.
Trevers bildirir ki, əksər hallarda ayrılıqlar tərəflərin öz hisslərini, inanclarını və sosial konteksti tədricən, daxili şəkildə qiymətləndirməsi fonunda formalaşır. Üstəlik, belə qiymətləndirmə adətən tərəflərin ayrılıq barədə ilk dəfə danışmasından xeyli əvvəl başlayır.
Alimin sözlərinə görə, tədqiqat müəllifləri ayrılıq qərarının necə verildiyini anlamaq üçün iki əsas psixoloji nəzəriyyəni birləşdirərək inteqrativ model yaradıblar:
* Şüurlu fəaliyyət nəzəriyyəsi – insanların seçimlərinin mövqelər, sosial normalar və vəziyyət üzərində nəzarət hissi ilə müəyyən olunduğunu irəli sürür.
* Müxtəlifşəxslərarası davranış nəzəriyyəsi – bu modeli emosiyalar, vərdişlər və özünüidentifikasiya amilləri ilə genişləndirir.
"Bu iki modeli birləşdirən tədqiqatçılar tərəfdaşdan ayrılma qərarını müəyyən edən amillərin daha geniş spektrini əhatə edə biliblər. Onlar müəyyən ediblər ki, ayrılıq qərarına dörd böyük amil qrupu təsir edir. Bu amillərin birləşməsi izah edir ki, oxşar situasiyalar niyə bir insanı getməyə, digərini isə qalmağa vadar edir”, deyə Trevers yazır.
Və alimlərin müəyyən etdiyi müasir ayrılıq səbəbləri bunlardır:
Emosional təsirlər
İnsan ayrılıq zamanı və sonrasında özünü necə hiss edəcəyinə dair gözləntilərini əks etdirir. Bu, əslində emosional proqnozdur və şəxsin təcrübəsindən, münasibətə qoyduğu emosional sərmayədən asılıdır.
Sosial təsirlər
Ətrafın gözləntilərini, yaxınların fikirlərini, cəmiyyətin sevgi, ailə və öhdəliklə bağlı mədəni normalarını əhatə edir. Şəxsin özünü bu normalar içində hansı mövqedə gördüyü də mühümdür.
Koqnitiv təsirlər
Ayrılıqdan sonrakı həyatın necə olacağına dair fərdi inanclar və gözləntilərdir. Risklərin və faydaların şəxsi qiymətləndirilməsini əhatə edir: müstəqillik və ya tənha qalmaq, azadlıq və ya qorxu, sabitlik və ya dəyişiklik.
Motivasiya təsirləri
Şəxsin ayrılığa nə dərəcədə hazır olduğunu və niyyətinin nə qədər konkretləşdiyini göstərir. Ayrılıq haqqında düşünmək bir şeydir, onu real addıma çevirmək isə başqa. "Niyyət dinamikası” burada əsas rol oynayır: əgər niyyət qeyri-müəyyəndirsə, qərar irəliləmir; əgər möhkəmdirsə, emosional və koqnitiv tərəddüdləri aşmaq daha asan olur.