Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı - VİDEO

10:30 - 18 Dekabr 2025

Bakıda ilk dəfə \"ağıllı svetoforlar\" quraşdırıldı - VİDEO

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.


Manset.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, paytaxtda iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start verib. İlkin olaraq Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada svetoforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb.

Adaptiv svetoforların ənənəvi svetoforlardan fərqi nədir?

“Ağıllı svetoforlar” yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə svetoforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi svetoforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır.

Yeni sistem nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında necə reaksiya verəcək?

Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır.

Adaptiv svetoforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda svetoforların yaşıl işığı daimi yanmaqla, vaxt itkisinin qarşısı alınmış olacaq.

Pilot layihənin ilkin tətbiq edildiyi yollarda nəqliyyat sıxlığının neçə faizə qədər azalması gözlənilir?

Xarici təcrübəyə əsasən, adaptiv sistemlərin tətbiqi nəqliyyat sıxlığını 15–30 faiz azaldır.

Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq “ağıllı svetoforlar”ın digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az