Kapital
Bank-ın könüllü əməkdaşlarının yardımlaşma təşəbbüsü ilə yaradılan, qısa
zamanda böyük layihələrlə gündəmə gələn, xalqımızın xeyriyyəçilik ənənələrini
yaşadan, ölkəmizdə ianəçilik
mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondu 5 yaşını qeyd etdi. Fond bu münasibətlə dostlarını və
tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya
gətirərək 5 illik hesabatını ictimaiyyətə təqdim edib.
Fondun nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və
könüllülərin iştirak etdiyi və “The Ritz-Carlton Baku”nun ev sahibliyi ilə baş
tutan tədbir
maraqlı anlarla yadda qaldı. Gecəni çıxış sözü ilə açan Kapital Bank-ın Baş
Korporativ satış inzibatçısı Fərid Hidayətzadə fondun ən böyük gücünün birlik
olduğunu vurğuladı. “Bankir olmaq, menecer olmaq, iş adamı olmaq sadəcə karyera
məsələsidir. Amma başqasının qayğısına şərik olmaq, bu, xarakter məsələsidir.
Biz “Red Hearts” olaraq sübut etmişik ki, komandamız sadəcə yaxşı işçilərdən
deyil, həm də yaxşı insanlardan ibarətdir. Mən bizimlə birlikdə bu yolda
addımlayan hər kəsə təşəkkür edirəm.”
Qırmızı
Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların
müdafiəsi” istiqamətlərində Fondun cari ilə, o cümlədən ötən 5 ilə dair
hesabatını təqdim etdi. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma
ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən
tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı,
sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi
ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan
sığınacaqlarına dəstək aksiyaları, sosial tərəfdaşlıq layihələri kimi onlarla
layihənin təqdimatı və statistik göstəricilər yer alıb.
Belə ki, 2025-ci il ərzində Fonda 10 900 ianəçi tərəfindən
ümumilikdə 476 063 manat məbləğində ianə
edilib. Toplanan vəsaitlər sayəsində 462 könüllünün iştirakı ilə 6247 benefisiara dəstək göstərilib.
Fondun 5 illik nəticələri isə hər kəs tərəfindən maraqla
qarşılanıb. Yusif Poladov bu nəticələri təqdim edən zaman böyük həyəcan və
qürur yaşadığını qeyd edib. “Cəmi 49 nəfər könüllü əməkdaşımızın çıxdığı yolun
bizi bu yerlərə gətirə biləcəyini xəyal belə edə bilməzdik. Bu gün isə biz
insanların xəyallarını gerçəkləşdirən bir quruma çevrilmişik. Təsəvvür edin ki,
ötən 5 il ərzində bizim sıralarımıza 50 804 ianəçi qoşulub. İlk mərhələdə
toplanan məbləğ cəmi bir neçə min manat idisə bu gün bu rəqəm 5 003 100 manatdır.
İlk mərhələdə biz sadəcə ehtiyacı olan ailələrə yardım edirdiksə bu gün biz
artıq 4 istiqamətdə çox böyük layihələrə imza atmışıq. Bir neçə rəqəmi qeyd
etsəm deməliyəm ki, bu illər ərzində 9500 kq-dan çox tullantı təbiətdən
təmizlənib, 3257 kq batareya toplanaraq təhvil verilib, 30 şəhər və rayonda
şəhidlərimizin adına 7298 ağac əkilib. 66 şəhid və qazi ailəsi evlə təmin
olunub. 74 tələbəyə ümumilikdə 155 060 manat təhsil təqaüdü verilib. Sosial
qruplardan olan minlərlə ailəyə maddi yardım və bayram hədiyyələri təqdim
edilib, 300 ailə fondun himayəsinə götürülüb. Bu prosesdə 400-dən çox könüllü,
30 dan çox tərəfdaş bizimlə birlikdə, eyni yolda addımlayıb. Bu göstəricilər
sadəcə adi rəqəmlər deyil. Hər bir rəqəmin arxasında dəyər qatılan, toxunulan
insan həyatı, insan hekayələri var. Burada bu hekayəni yazmağın qürurunu birlikdə yaşayırıq. Mən hər birinizi təbrik
edirəm”.
Hesabatla bağlı ətraflı məlumat: https://shorturl.at/nRuxv
Daha sonra fondun xeyirxahlıq missiyasında onlarla birlikdə
addımlayan tərəfdaşlara “The Golden Heart Award” (“Qızıl Ürək” mükafatı) təqdim
edilib. Mükafatlandırılan tərəfdaşlar sırasında Kapital Bank, PASHA Holding,
PashaPay, PMD Group, PASHA Real Estate, PASHA Investments, PASHA Technology,
PASHA Life və The Ritz-Carlton Baku yer alıb. Mükafatlandırma mərasiminin
ardından gecə bədii hissə ilə davam edib.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci
ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq
fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə
ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi,
ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi
cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən
“Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında
birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və
ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.