Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi və yaşayış mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Nizami rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Manset.az xəbər verir ki, əhalinin müraciətləri və təklifləri nəzərə alınmaqla həyata keçirilən tədbirlər
çərçivəsində R.Rüstəmov küçəsi 72a ünvanında müasir tələblərə cavab verən yeni
park salınaraq ərazidə yaşayan sakinlərinin istifadəsinə verilib.
Layihə çərçivəsində park ərazisində
azyaşlı uşaqlar üçün müasir standartlara cavab verən müxtəlif oyun elementləri
ilə təchiz olunmuş uşaq meydançası, gənclərin və idman həvəskarlarının asudə
vaxtlarının səmərəli təşkili məqsədilə açıq havada idman qurğuları
quraşdırılmış idman meydançası yaradılıb. Eyni zamanda, vətəndaşların istirahəti
üçün söhbətgahlar və oturacaqlar quraşdırılıb.
Parkda tamet daş örtüyü və qazon
örtüyü salınıb, ərazisinin gecə saatlarında da təhlükəsiz və rahat istifadəsinin
təmin edilməsi məqsədilə müasir işıqlandırma sistemi qurularaq işıq dirəkləri
quraşdırılıb. Bununla yanaşı, parkın ətraf yollarında asfalt örtüyü yenilənib.
Yaşıllaşdırma işlərinin genişləndirilməsi
və ekoloji tarazlığın qorunması məqsədilə park ərazisində mövcud yaşıllıqlar bərpa
olunub, əlavə olaraq 300-dən artıq müxtəlif növ ağac (Limon sərvi, leyland sərvi,
Eldar şamı, və s.) və 800-dən artıq müxtəlif növ kol və gül əkilib. Mövcud ağac
və yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
Qeyd edək ki, yeni parkın istifadəyə
verilməsi rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin
sağlamlaşdırılması və yaşayış mühitinin daha da yaxşılaşdırılması baxımından
mühüm əhəmiyyət kəsb edir.