“Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabının təqdimatı keçirildi

15:46 - 24 Dekabr 2025

“Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabının təqdimatı keçirildi

Dekabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan-Çin strateji tərəfdaşlığının çoxillik inkişaf yolunu əhatə edən “Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabının təqdimat mərasimi keçirilib. Tədbir iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın siyasi, iqtisadi və mədəni aspektlərinin geniş müstəvidə müzakirəsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.

 

Manset.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla təqdimat mərasiminin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Qeyd edilib ki, kitabın təqdimatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edir. Rektor bu münasibətlə dövlətimizin başçısını səmimi qəlbdən təbrik edib, Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi mühüm işlərdən danışıb.

Akademik Kamal Abdulla bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə Azərbaycan-Çin münasibətlərinin inkişafı Ölkə Prezidentinin strateji baxışının, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun bariz nümunəsidir. Təqdim olunan kitab məhz bu siyasətin illər üzrə xronoloji və faktoloji salnaməsi kimi mühüm əhəmiyyət kəsb edir. Yeni nəşr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Çin münasibətlərinin inkişaf mərhələlərini sistemli şəkildə əks etdirən mühüm mənbədir.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxış edərək iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, təqdim olunan kitabın xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

İki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən səfir bildirib ki, 2025-ci il Çin-Azərbaycan münasibətləri üçün məhsuldar il olub. Prezident İlham Əliyev iki dəfə Çinə səfər edib və Prezident Si Cinpin ilə görüşüb. İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması birgə elan edilib, 20-dən çox əməkdaşlıq sənədi imzalanıb və siyasi etimadın daha da gücləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra mühüm razılaşmalar əldə edilib: “Prezident Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında iki tərəf arasında bütün səviyyələrdə mübadilələr getdikcə daha da sıxlaşıb və Birləşmiş Millətlər Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq forumlarda çoxtərəfli əməkdaşlıq səmərəli olub. Nəqliyyat infrastrukturu, yaşıl enerji və rəqəmsal iqtisadiyyat kimi sahələrdə praqmatik əməkdaşlıq durmadan inkişaf edib, "Bir kəmər, bir yol" təşəbbüsü səmərəli nəticələr verib, ikitərəfli ticarət yeni rekordlar qırmağa davam edir və qarşılıqlı vizasız siyasət iki ölkə arasında insanlararası mübadiləni və turizm əməkdaşlığını daha da gücləndirib”, - deyən səfir bildirib ki, qarşıdan gələn 2026-cı ildə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq geniş perspektivlər və böyük potensial vəd edir.

Tədbir çərçivəsində bir sıra çıxışlar dinlənilib. ADU-nun Konfutsi İnstitutunun direktoru, Beynəlxalq münasibətlər kafedrasının dosenti, kitabın tərtibçisi Rafiq Abbasov “Azərbaycan-Çin münasibətlərinin inkişafında Prezident İlham Əliyevin rolu” mövzusunda çıxış edərək dövlətimizin başçısının uzaqgörən siyasətinin ikitərəfli münasibətlərin dərinləşməsində həlledici rol oynadığını vurğulayıb.

ADU-nun Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının professoru Əli Məmmədov “Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və rolu: Azərbaycan-Çin strateji əməkdaşlığı kontekstində” mövzusunda çıxış edərək Azərbaycanın qlobal proseslərdə artan rolunu təhlil edib.

İngilis dilinin üslubiyyəti kafedrasının professoru Aysel Məmmədbəyli “Gənc alimlərin gözü ilə Azərbaycan-Çin strateji tərəfdaşlığı” mövzusunda məruzəsində yeni nəsil tədqiqatçıların bu münasibətlərə baxışını təqdim edib.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Fazil Rüstəmov “Bir kəmər - bir yol” layihəsinə Prezident İlham Əliyevin strateji baxışı” mövzusunda çıxış edərək Azərbaycanın bu qlobal təşəbbüsdə tutduğu mövqeyini siyasi-iqtisadi kontekstdə şərh edib.

Tədbirin sonunda təqdimat mərasiminə dəvət olunmuş qonaqlar kitab haqqında fikirlərini bölüşüb, nəşrin beynəlxalq münasibətlər sahəsində əhəmiyyətini, praktik dəyərini vurğulayıblar. Tələbələr isə Prezident İlham Əliyevin Çin haqqında fikirlərini Azərbaycan və Çin dillərində səsləndirərək mərasimə xüsusi mənəvi çalarlar qatıblar. 

Qeyd edək ki, ADU-da “Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2025-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində çıxışlar, nitqlər, müsahibələr, məktublar və məruzələr əks olunmuşdur. Kitab Azərbaycan Dillər Universiteti Elmi Şurasının 4 iyul 2025-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunub. Kitabın hazırlanmasında “AzərTAc” İnformasiya Agentliyinin və “Sinxua” İnformasiya Agentliyinin materiallarından istifadə olunmuşdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az