Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində Prezidentin ailəsini şantaj edən şəxs ötən gün ifşa olunub. Bu haqda İctimai Televiziyada (İTV) sujet yayımlanıb. Sujetdə bildirilib ki, xaricdə yaşayan blogerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. DTX tərəfindən saxlanılan şəxsin ifadələri əsasında aparılan araşdırmalar göstərir ki, sosial şəbəkələrdə Alena Əliyeva haqqında yayılan məlumatlar heç bir faktiki əsas daşımayıb və informasiya tamamilə saxta əsaslı, manipulyativ məzmun daşıyıb.
Manset.az-ın Demokrat.az-a istinadən məlumatına görə, tanınmış jurnalist Arif Əliyev açıqlamasında deyib ki, xaricdə yaşayan bloqerlər indi bu cəbhənin ön sıralarındadırlar:
“Amma bu proses, təəssüf ki, çoxdan gedir və biz dəfələrlə xəbərdarlıq edirdik ki, nə iqtidar-müxalifət münasibətlərində, nə insani münasibətlərdə bu cür davranış qaydalarını və bu cür mübarizə qaydalarını yaxına buraxmaq olmaz. Bu, həndəsi silsilə ilə arta-arta gedən şeydir və bütövlükdə cəmiyyətin mənəvi dayaqlarını sarsıdan məsələlərdir. İndi o mərhələdəyik və əlbəttə ki, qətiyyətlə belə şeyləri pisləyirik. Onun qarşısını almağı Azərbaycan hökumətindən də çox Azərbaycan cəmiyyətinin vacib məsələlərindən biri hesab edirik. Çünki problemə geniş baxmaq lazımdır. Bu, bir qrup insanla və yaxud bir qrup bloqerlə, yaxud bir qrup siyasi dəstənin digər dəstə ilə mübarizəsi deyil”.
O bildirib ki, bu, bütövlükdə cəmiyyətin, konkret özümüzün, ailəmizin və övladlarımızın əxlaqi-mənəvi sütunlarına zərbədir:
“İstəyirəm bunu hər kəs göz altına alsın ki, bu gün buna dözümlə yanaşanlar, sabah nə özlərini, nə öz övladlarını bax belə hücum qarşısında qoruya bilməyəcəklər. Əlbəttə, burda başqa bir məsələ də var. Söhbət burda artıq qadın məsələsindən də gedir, dövlət rəhbərinin ailəsinin məsələlərindən də gedir. Ona görə bu problem daha da həssaslaşır. Amma bütövlükdə götürəndə bu cür şeylərin qarşısını almaq üçün bütün mümkün qanuni və bütün mümkün ictimai mübarizə formalarından istifadə olunmalıdır”.
Qeyd edək ki, ilin əvvəlindən xaricdə yaşayan bloqerlər tərəfindən Alena Əliyeva haqqında böhtan xarakterli məlumatlar yayılmağa başlanıb. Bu kampaniya ilə eyni vaxtda naməlum şəxs yüksəkvəzifəli şəxsləri saxta görüntülərlə şantaj edərək 5 milyon avro tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. O, istintaqa verdiyi ifadədə materialları Mehman Hüseynov və digər şəxslərdən aldığını etiraf edib. Saxlanılan şəxs görüntüləri yaymamaq müqabilində ailə üzvlərinə və Heydər Əliyev Fonduna hədə-qorxu dolu mesajlar ünvanladığını bildirib.