Azərbaycanda xüsusilə son dövrlərdə toy edənlərin sayı kəskin azalıb. Bəziləri bunu Ramazan ayı ilə əlaqələndirir, digərləri isə bu tendensiyanın Ramazan ayından daha əvvəl başladığını söyləyirlər.
Manset.az ARB Xəbər-ə istinadən xəbər verir ki, araşdırmalara görə, Ramazan ayının bitməsinə baxmayaraq paytaxtda fəaliyyət göstərən şadlıq sarayları hələ də boşdur.
Bununla bağlı vətəndaşların fikirləri müxtəlifdir. Bəzi vətəndaşlar düşünürlər ki, son dönəmlərdə boşanmaların sayı kəskin artdığına görə, gənclər ailə qurmaqdan qorxurlar. Eyni zamanda mənzil qiymətlərinin artması da ailə quranların işini çətinləşdirir.
Restoran sahiblərinin sözlərinə görə, Ramazan ayından sonra sifarişlər olduqca aşağıdır. Onlar bunu maddi durumla əlaqələndirirlər. Onlar qeyd edirlər ki, toyların sayı son bir neçə ildə mütəmadi olaraq hər il azalır.
İqtisadçı Xalid Kərimli bildirib ki, şadlıq sarayları arasındakı rəqabət şadlıq saraylarının qiymətlərinə də təsir göstərə bilər. Müştəri sayı az olsa da, qiyməti azaltmaq sahibkarların ən çox qaçdığı məsələlərdəndir. Ekspertin sözlərinə görə, şadlıq saraylarının əhəmiyyətli dərəcədə artması da restoranların gəlirinin azalmasının əsas səbəblərindəndir.