Azərbaycanın Müstəqillik Günü və Türkmənistanda Mədəniyyət Günləri münasibətilə Aşqabadda rəsmi qəbul keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin mədəniyyət və ictimaiyyət nümayəndələri, Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, həmçinin qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək 108 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən bəhs edib. Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın müstəqillik arzusunu və dövlətçilik iradəsini bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sabitlik və inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişaf yolunu davam etdirdiyi, müasir çağırışlara cavab verən güclü dövlətə çevrildiyi vurğulanıb.
Azərbaycanla Türkmənistan arasındakı münasibətlərə toxunan səfir iki ölkə arasında əlaqələrin ortaq tarixə, mədəniyyətə, dilə və soykökə əsaslandığını bildirib. Ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının inkişaf etdiyi qeyd edilib.
Mədəni və humanitar əməkdaşlıqdan bəhs edən səfir, 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini, hazırda Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan mədəniyyətinin, dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin Türkmənistanda geniş tanıdılması, xüsusilə “Arşın mal alan”, “Ər və arvad” operettalarının Aşqabadda türkmən dilində mütəmadi olaraq səhnəyə qoyulması iki ölkə arasında mədəni əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.
Mərasimdə Azərbaycanın incəsənət nümayəndələrinin ifasında xalq və bəstəkar mahnılarından ibarət bədii proqram təqdim olunub.