logo
logo logo
logo

Azərbaycan polisi – 108 illik şərəfli xidmət yolu

09:35 - 02 İyul 2026

Azərbaycan polisi – 108 illik şərəfli xidmət yolu

Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir. Bir əsrdən artıq tarixə malik olan daxili işlər orqanları ötən illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm xidmətlər göstərib. Azərbaycan polisinin keçdiyi yol həm zəngin tarix, həm də fədakarlıq, peşəkarlıq və Vətənə sədaqət nümunəsi kimi qiymətləndirilir.


1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Sonrakı illərdə daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf edib, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və hüquq-mühafizə sahəsində zəngin təcrübə formalaşdırıb.


Daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar mühüm rol oynayıb. Xüsusilə Ulu Öndərin ölkəyə ilk rəhbərliyi dövründə – 1970–1980-ci illərdə daxili işlər orqanlarında idarəetmə sistemi təkmilləşdirilib, xidmət intizamı gücləndirilib, peşəkar kadr hazırlığına xüsusi önəm verilib. Həmin illərdə yaradılan möhkəm təməl sonrakı dövrlərdə polis orqanlarının üzləşdiyi ağır sınaqlarda özünü doğruldub.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə ilk yollanan nizami qüvvələrdən biri məhz milis əməkdaşları, sonrakı mərhələdə isə Daxili Qoşun hissələri olub. Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib – 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, 1143 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra daxili işlər orqanlarının inkişafında yeni mərhələ başlanıb. Hüquq-mühafizə sisteminin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan olunması isə polis əməkdaşlarının cəmiyyət və dövlət qarşısındakı xidmətlərinə verilən yüksək dəyərin bariz ifadəsi kimi tarixə düşüb.


Prezident İlham Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Daxili Qoşunların döyüş qabiliyyətinin artırılması, müasir silah və texnika ilə təchizatı, hərbi hissələrin infrastrukturunun yenilənməsi və şəxsi heyətin sosial rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu gün Daxili Qoşunlar yüksək hazırlığa malik, qarşıya qoyulan ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir peşəkar hərbi birləşmə kimi fəaliyyət göstərir.

Şəxsi heyətin peşəkarlığının artırılmasında beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Xüsusilə Türkiyə Silahlı Qüvvələri və Jandarm Baş Komandanlığı ilə birgə həyata keçirilən təlimlər, təcrübə mübadiləsi və kadr hazırlığı Daxili Qoşunların döyüş hazırlığının daha da yüksəlməsinə töhfə verib.

Müasir infrastruktur, güclü maddi-texniki baza və peşəkar kadr potensialına malik Azərbaycan polisi bu gün ictimai asayişin, hüquq qaydasının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində etibarlı hüquq-mühafizə orqanı kimi fəaliyyət göstərir. Davamlı islahatlar cinayətkarlığa, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha səmərəli təşkilinə imkan yaradıb.


Daxili işlər orqanlarının şərəf salnaməsində 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Daxili Qoşunların xüsusi təyinatlıları döyüş əməliyyatlarında yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək mühüm strateji tapşırıqları uğurla yerinə yetiriblər. Döyüşlər zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilib. Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Göstərilən igidliyə görə 1690 əməkdaş müxtəlif orden və medallarla təltif edildi, onlardan 4-ü isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Ümumiyyətlə, istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər.

2023-cü il sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak olub və yaralanıblar. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində daxili işlər orqanlarının əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.


Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi olub. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpası və dayanıqlı həyatın təmin olunması istiqamətində DİN-in əməkdaşları mühüm vəzifələri yerinə yetirirlər. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi üçün hüquq-mühafizə orqanları fasiləsiz xidmət apararaq ictimai asayişin qorunmasını və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edirlər.

Bu fəaliyyətin əsas istiqamətlərindən biri də ərazilərin silah-sursat, partlayıcı maddələr və digər təhlükəli vasitələrdən təmizlənməsi, eləcə də təhlükəsiz mühitin formalaşdırılmasıdır. Daxili işlər orqanlarının əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə çalışaraq bölgədə sabitliyin möhkəmləndirilməsinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı üçün zəruri şəraitin yaradılmasına töhfələrini verirlər.


Müasir dövrdə Azərbaycan polisi təkcə ənənəvi cinayət növlərinə deyil, kibercinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər təhlükələrə qarşı da qətiyyətli mübarizə aparır. Hazırda cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat-texniki tədbirlərin dairəsi genişləndirilir.

Ölkəmizdə sabitliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da mühüm töhfə verir. Bakının COP29, WUF13 kimi qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də ölkəmizdə təhlükəsizlik sisteminə olan etimadın göstəricilərindən biri kimi qiymətləndirilir.

108 illik şərəfli tarixə malik Azərbaycan polisi bu gün də öz peşə borcuna sadiq qalaraq dövlətin, xalqın və qanunun keşiyində dayanır. Peşəkarlıq, fədakarlıq və Vətənə sədaqət prinsiplərinə söykənən bu xidmət yolu göstərir ki, daxili işlər orqanlarının əməkdaşları bundan sonra da ölkədə sabitliyin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin etibarlı təminatçısı olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az