logo
logo logo
logo

“İqtisadi təhlükəsizlik, texnologiya və iqlim artıq bir-birindən ayrılmaz anlayışlardır” -  Azay Quliyev

22:57 - 05 İyul 2026

“İqtisadi təhlükəsizlik, texnologiya və iqlim artıq bir-birindən ayrılmaz anlayışlardır” -  Azay Quliyev

5 iyul 2026-cı ildə ATƏT Parlament Assambleyasının Haaqada keçirilən 33-cü İllik Sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin iclası keçirilib. İclas ATƏT PA-nın sosial şəbəkə platformaları vasitəsilə canlı yayınlanıb. 


Manset.az xəbər verir ki, komitənin sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq bildirib ki, dünya hazırda dərin qeyri-müəyyənlik və sürətli geosiyasi, iqtisadi, texnoloji və ekoloji transformasiya dövrünü yaşayır. Onun sözlərinə görə, Ukraynada davam edən müharibə, Yaxın Şərqdə artan gərginlik, qlobal ticarət münasibətlərində parçalanma meyilləri, iqlim dəyişikliyinin yaratdığı fəsadlar və süni intellektin sürətli inkişafı beynəlxalq təhlükəsizlik sisteminə yeni çağırışlar formalaşdırır.

Azay Quliyev vurğulayıb ki, bu şəraitdə iqtisadi təhlükəsizlik, enerji dayanıqlılığı, etibarlı nəqliyyat və logistika marşrutları, rəqəmsal idarəetmə, süni intellektin məsuliyyətli tətbiqi və iqlim dayanıqlılığı artıq bir-birindən ayrı deyil, təhlükəsizliyin ayrılmaz tərkib hissələrinə çevrilib.

Çıxışında Komitənin son bir il ərzində həyata keçirdiyi fəaliyyətə də toxunan Azay Quliyev İstanbulda keçirilən Payız Toplantısında qaydalara əsaslanan qlobal ticarət, etibarlı bağlantılar və dayanıqlı inkişafın əhəmiyyətinin müzakirə olunduğunu, Qış Toplantısında isə geoiqtisadiyyat, texnologiya və təhlükəsizlik mövzusunda aparılan debatların strateji texnologiyalar, süni intellekt və kritik resurslar uğrunda artan rəqabətin beynəlxalq münasibətlərə təsirini ön plana çıxardığını bildirib.

O, həmçinin Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində təşkil olunan Parlament Dəyirmi Masasında iştirakın su ehtiyatlarının səmərəli idarə olunması, transsərhəd əməkdaşlıq və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində parlament diplomatiyasının rolunu daha da gücləndirdiyini diqqətə çatdırıb.

Azay Quliyev bildirib ki, Komitə ATƏT-in icraedici strukturları ilə əməkdaşlığı da genişləndirib, o cümlədən Vyanada keçirilən İqtisadi və Ətraf Mühit Ölçüsü üzrə Tətbiq Toplantısında yerli icmaların təbii və texnogen fəlakətlərə qarşı dayanıqlılığının artırılması ilə bağlı təkliflərini təqdim edib.

Komitənin gələcək fəaliyyət planlarından danışan sədr bildirib ki, növbəti dövrdə COP31 çərçivəsində fəal iştirak, Haaqa Sessiyasında qəbul olunacaq siyasi nəticələrin ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsində təqdim olunması, eləcə də gənclər arasında media və informasiya savadlılığının təşviqinə yönəlmiş “School Dialogues Initiative” layihəsinin genişləndirilməsi əsas prioritetlər sırasında olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az