Sentyabrın 11-12-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda fəaliyyət göstərən
58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri
olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti Qarabağ və Şərqi
Zəngəzura səfər edib. Bu səfər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin,
eləcə də regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyət
nümayəndələri tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm əhəmiyyət
daşıyır. Diplomatik korpusun nümayəndələrinin müxtəlif ölkələri və beynəlxalq
təşkilatları təmsil etməsi səfərin miqyasını və siyasi əhəmiyyətini daha da
artırır.
Səfər zamanı xarici diplomatların Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə
olması Azərbaycanın bu ərazilər üzərində tam suverenliyinin bərpa edildiyini və
həmin ərazilərin artıq ölkənin vahid siyasi, hüquqi və inzibati məkanına tam
inteqrasiya olunduğunu əyani şəkildə nümayiş etdirir. Bir neçə il əvvəl
Ermənistanın işğalı altında olan və xarici diplomatların Azərbaycan dövlətinin
icazəsi olmadan gedə bilmədiyi ərazilərə bu gün onlarla ölkənin diplomatik
nümayəndəsinin Azərbaycan dövlətinin təşkil etdiyi proqram çərçivəsində səfər
etməsi regionda baş vermiş tarixi dəyişikliklərin ən mühüm göstəricilərindən
biridir.
Bu baxımdan səfərə Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələri tərəfindən
verilən reaksiya xüsusi diqqət çəkir. Xarici diplomatların Azərbaycanın suveren
ərazisinə səfər etməsinin Ermənistan informasiya məkanında narazılıqla
qarşılanması, müxtəlif sosial şəbəkə hesablarında və media resurslarında həmin
diplomatların hədəfə alınması regionda revanşist düşüncənin müəyyən dairələrdə
hələ də yaşadığını göstərir.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
əraziləridir. Azərbaycan Respublikasının bu ərazilərdə öz dövlət suverenliyini
həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur.
Ermənistanın özü də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin
tanınmasının vacibliyini müxtəlif bəyanatlarında ifadə edib. Belə olan halda
xarici diplomatların Azərbaycan ərazisində sərbəst hərəkətinə qarşı etiraz kampaniyası
aparılması Ermənistanın bəyan etdiyi mövqe ilə real davranış arasında ziddiyyət
olduğunu göstərir.
Ermənistan cəmiyyətinin müəyyən hissəsinin xarici diplomatların Azərbaycan
ərazisinə səfərinə qarşı aqressiv münasibət nümayiş etdirməsi Ermənistanın
ictimai-siyasi düşüncəsində müharibədən sonrakı reallıqların tam qəbul
edilmədiyini göstərir. Xüsusilə sosial şəbəkələrdə səsləndirilən bəzi
fikirlərdə diplomatik nümayəndələrin təhqir və təzyiq hədəfinə çevrilməsi
qəbuledilməzdir.
Qeyd emək lazımdır ki, diplomatların
həmin ərazilərə səfər etməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətin
təzahürüdür. Ermənistan cəmiyyətinin buna qarşı çıxması isə özlüyündə
Ermənistan daxilində müəyyən dairələrin Azərbaycanın suverenliyini hələ də
qəbul etmək istəmədiyini nümayiş etdirir.Məsələnin digər mühüm tərəfi
Ermənistanın Azərbaycan ərazisindəki tarixi və mədəni irslə bağlı yanaşmasıdır.
Ermənistanın bəzi dairələri Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni
kimliyi kontekstində təqdim edir və bununla da Qarabağın çoxqatlı tarixi-mədəni
keçmişini bir etnik kimliyə endirməyə çalışırlar.
Tarixə belə yanaşma elmi obyektivlik prinsipləri ilə uzlaşmır. Qarabağ və
bütövlükdə Cənubi Qafqaz əsrlər boyu müxtəlif xalqların, etnik və dini
icmaların qarşılıqlı təmas məkanı olub. Bu bölgənin tarixini yalnız bir xalqın
müstəsna tarixi kimi təqdim etmək həm elmi, həm də siyasi baxımdan birtərəfli
yanaşmadır.
Daha böyük problem isə ondan ibarətdir ki, Ermənistanın müxtəlif dairələri
Azərbaycan ərazisində erməni irsi barədə danışarkən, indiki Ermənistan
ərazisində Azərbaycan xalqının çoxəsrlik mövcudluğunu və zəngin tarixi-mədəni
irsini demək olar ki, tamamilə nəzərdən qaçırırlar. Bu yanaşma tarixi həqiqətlərin obyektiv araşdırılmasına deyil,
siyasi məqsədlərlə seçilmiş tarixi yaddaşın formalaşdırılmasına xidmət edir. Tarixin
belə təqdimatı isə etnik dözümsüzlüyü dərinləşdirən və xalqlar arasında
qarşıdurmanı davam etdirən amilə çevrilir.
Qafqaz Albaniyasının tarixi
və mədəni irsi ilə bağlı məsələlər də uzun müddətdir siyasi mübahisələrin
predmetinə çevrilir. Halbuki Qafqaz Albaniyasının Azərbaycan ərazisində
mövcudluğu, onun siyasi və mədəni tarixinin bu coğrafiya ilə bağlılığı
Azərbaycan tarixşünaslığında geniş tədqiq olunmuş mövzulardandır.
Azərbaycan ərazisində yerləşən qədim alban
dini-memarlıq nümunələri ölkəmizin çoxəsrlik tarixinin mühüm maddi
sübutlarıdır.
Ermənistanda revanşist
qüvvələrin mövcudluğu heç kimə sirr deyil. Azərbaycan ərazilərinin azad
edilməsindən sonra Ermənistan daxilində yeni reallıqlarla barışmaq istəməyən
dairələr müxtəlif üsullarla keçmiş münaqişə gündəmini yenidən aktuallaşdırmağa
çalışırlar. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı
aparılan “kampaniya” da bu kontekstdə qiymətləndirilməlidir. Səfərin özünə
deyil, səfərdə iştirak edən xarici diplomatlara təzyiq göstərilməsi, onların
müxtəlif ittihamların hədəfinə çevrilməsi Ermənistan siyasi və ictimai
mühitində revanşist düşüncənin nə qədər dərin köklərə malik olduğunu göstərir.
Əgər Ermənistan həqiqətən
regionda sülh və sabitlik istəyirsə, ilk növbədə öz informasiya məkanında
Azərbaycana qarşı düşmənçilik və revanşizm ritorikasının qarşısının alınmasına
çalışmalıdır. Sülh yalnız dövlətlərarası sənədlərlə deyil, cəmiyyətlərin də
yeni reallıqları qəbul etməsi ilə mümkün olur. Mövzu ilə bağlı Ermənistan
parlamentinin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir.
Azərbaycanın suveren ərazisinə səfər edən xarici diplomatların fəaliyyətinin
Ermənistan parlamentinin rəhbəri tərəfindən siyasi müzakirə predmetinə
çevrilməsi Azərbaycanın daxili işlərinə müdaxilədir ki, bu da qəbuledilməzdir. Ermənistanın
siyasi rəhbərliyində təmsil olunan şəxslər anlamalıdırlar ki, Azərbaycan
ərazisində hansı tədbirlərin keçirilməsi, hansı xarici nümayəndələrin səfər
etməsi və həmin səfərlərin hansı marşrut üzrə təşkil olunması Azərbaycanın
suveren hüququdur.
Son hadisələr Ermənistanın
sülh prosesində qarşılaşdığı əsas problemin yalnız siyasi sənədlərlə bağlı
olmadığını göstərir. Əsas məsələ Ermənistan cəmiyyətində və siyasi mühitində
yeni reallıqlara münasibətin necə formalaşmasıdır. 2020-ci il Vətən müharibəsi
və 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror
tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa
edilib. Bununla da regionda əvvəlki “status-kvo”nun mövcudluğu üçün heç bir
əsas qalmayıb. Ermənistan üçün də yeni reallıqla hesablaşmaqdan və Azərbaycanla
münasibətləri sülh yolu ilə normallaşdırmaqdan başqa alternativ yoxdur. Azərbaycan
uzun illər ərzində sülh və danışıqlar yolu ilə məsələnin həllinə çalışıb. Lakin
Ermənistanın işğal siyasəti və uzun müddət davam edən “status-kvo” regionda
sülhün qarşısındakı əsas maneələrdən biri olub. Azərbaycanın öz ərazi
bütövlüyünü təmin etməsindən sonra isə regional təhlükəsizlik arxitekturasında
yeni mərhələ başlayıb.
Sülh prosesində
qeyri-səmimilik təəssüratı yaradan hər bir addım isə region üçün risk yaradır.
Xarici diplomatların Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə
səfərinə qarşı kampaniyalar aparılması, tarixi iddiaların yenidən gündəmə
gətirilməsi və müharibə ritorikasının gücləndirilməsi belə riskləri artırır.
Ermənistanın Azərbaycan
ərazisindəki tarixi-mədəni irslə bağlı həssaslıq nümayiş etdirdiyi halda, Qərbi
Azərbaycan ərazisində Azərbaycan xalqının tarixi irsinə münasibətdə eyni
həssaslığı göstərməməsi ciddi ziddiyyət təşkil edir. Azərbaycan xalqı əsrlər
boyu Qərbi Azərbaycan ərazisinin müxtəlif bölgələrində yaşayıb, yaşayış
məntəqələri salıb, məscidlər, qəbiristanlıqlar, körpülər, hamamlar, karvansaralar
və digər mədəniyyət nümunələri yaradıb. Bu irsin əhəmiyyətli hissəsi zamanla
dağıdılıb, dəyişdirilib və ya müxtəlif səbəblərlə öz tarixi kimliyindən
uzaqlaşdırılıb. Qərbi Azərbaycan məsələsi yalnız ərazi və ya siyasi iddia
məsələsi deyil. Burada söhbət ilk növbədə tarixi yaddaşdan, mədəni irsdən və
insanların öz ata-baba yurdları ilə bağlı hüquqlarından gedir. Azərbaycan bu
məsələyə sülh və beynəlxalq hüquq prinsipləri çərçivəsində yanaşır. Azərbaycan
tərəfi dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycandan olan insanların öz tarixi
torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı məsələsi sülh
gündəliyinin humanitar istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. Bu
baxımdan Ermənistanın öz ərazisində Azərbaycan irsinin mövcudluğu ilə bağlı
obyektiv araşdırmalara imkan yaratması mühüm etimad tədbiri ola bilər.
Bir məsələni də qeyd edək
ki, mədəni irsin qəsdən məhv edilməsi, dəyişdirilməsi və ya tarixi
kimliyinin silinməsi yalnız milli məsələ deyil, beynəlxalq hüququn da diqqət
mərkəzində olan problemdir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr
zamanı mədəni sərvətlərin qorunması ilə bağlı mühüm beynəlxalq öhdəliklər
müəyyən edir. UNESCO çərçivəsində formalaşmış prinsiplər də mədəni irsin siyasi
və hərbi qarşıdurmaların qurbanına çevrilməməsini nəzərdə tutur. Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində dini və mədəni abidələrin vəziyyəti ilə
bağlı beynəlxalq ictimaiyyətə təqdim etdiyi faktlar bu məsələnin nə qədər ciddi
olduğunu göstərir. İşğal dövründə Azərbaycanın çoxsaylı mədəni və dini
abidələri dağıdılıb, bir sıra abidələrin tarixi görünüşü dəyişdirilib,
qəbiristanlıqlar və yaşayış məntəqələri vandalizmə məruz qalıb. Azərbaycan isə
azad edilmiş ərazilərində mədəni irsin bərpasına genişmiqyaslı investisiyalar
yönəldir. Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Füzulidə, Zəngilanda və digər
ərazilərdə aparılan quruculuq işləri yalnız yeni infrastrukturun yaradılmasına
deyil, tarixi-mədəni irsin bərpasına da istiqamətlənib.
Bu yanaşma göstərir ki, Azərbaycan tarixi irsi siyasi
qarşıdurmanın alətinə çevirmək niyyətində deyil. Əksinə, dövlətimiz öz
ərazisində mövcud olan müxtəlif tarixi-mədəni irs nümunələrinin qorunmasına və
gələcək nəsillərə çatdırılmasına çalışır.
Bu gün Cənubi Qafqaz əvvəlki region deyil. 2020-ci ildən sonra, xüsusilə
2023-cü ilin sentyabr hadisələrindən sonra bölgədə siyasi, hərbi və geosiyasi
reallıqlar köklü şəkildə dəyişib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
tam bərpa olunub, Qarabağ Azərbaycan iqtisadi, hüquqi və sosial məkanına
reinteqrasiya prosesinə daxil olub. Bu reallığı qəbul etmək regionda davamlı
sülhün əsas şərtidir. Ermənistanın siyasi və ictimai dairələri də
anlamalıdırlar ki, keçmişdə mövcud olmuş “status-kvo”nu bərpa etmək mümkün
deyil. Beynəlxalq səviyyədə revanşist çağırışlar nə Ermənistanın, nə də
bütövlükdə regionun maraqlarına cavab verir.
Azərbaycanın mövqeyi isə aydındır. Ölkəmiz regionda sülh, təhlükəsizlik,
əməkdaşlıq və iqtisadi inkişafın təmin olunmasında maraqlıdır.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda yeni
iqtisadi imkanların yaranmasına, nəqliyyat və kommunikasiya əlaqələrinin
genişlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə şərait
yarada bilər. Lakin bunun üçün Ermənistan cəmiyyətində də köklü düşüncə
dəyişikliyi baş verməlidir. Azərbaycanı düşmən obrazında təqdim edən köhnə
stereotiplər aradan qaldırılmalı, tarixi məsələlər siyasi manipulyasiya
vasitəsinə çevrilməməli, revanşist ritorikadan imtina edilməlidir.
Azərbaycan sülhə hazırdır. Azərbaycan regionda yeni müharibə deyil, davamlı
sülh və əməkdaşlıq istəyir. Lakin davamlı sülh yalnız qarşılıqlı hörmət,
suverenliyə və ərazi bütövlüyünə hörmət, tarixi həqiqətlərin obyektiv qəbul
edilməsi və revanşist iddialardan imtina əsasında mümkündür. Ermənistan üçün də
gələcəyə aparan yol məhz bu prinsiplərdən keçir. Keçmişin stereotiplərinə
qayıtmaq, tarixi yenidən siyasiləşdirmək və revanşist qüvvələrin ritorikasına
meydan vermək Ermənistanı inkişafdan və regional əməkdaşlıq imkanlarından
uzaqlaşdıracaq. Əksinə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam
qəbul etmək, sülh müqaviləsinin imzalanması istiqamətində real siyasi iradə
nümayiş etdirmək və Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq
Ermənistanın özü üçün də yeni imkanlar yarada bilər.
Son olaraq qeyd edək ki, 2025-ci
il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin
mətninin paraflanması regionda davamlı sülhə doğru atılmış mühüm tarixi addım
oldu. Ermənistan hökumətinin sülh sazişini parafladığı bir şəraitdə ölkə
daxilindəki revanşist qüvvələrin Azərbaycanla bağlı düşmənçilik ritorikasını
davam etdirməsi göstərir ki, Ermənistan cəmiyyətində sülhə qarşı çıxan dairələr
hələ də mövcuddur. Bu ziddiyyət bir daha göstərir ki, Ermənistan hakimiyyətinin
sülh istiqamətində atdığı addımların cəmiyyət daxilində revanşist və radikal
qüvvələrin təsirindən azad, ardıcıl və davamlı siyasi mövqeyə çevrilməsi
regionda dayanıqlı sülhün əsas şərtlərindən biridir.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri