Payızın ən rəngarəng günlərində paytaxt yeni
dad və əyləncə məkanına çevriləcək. 3–4 və 10–11 oktyabr tarixlərində “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə “GastroFest 2026”
festivalı şəhər sakinlərini və qonaqları bir araya gətirəcək.
Manset.az xəbər verir ki, GastroFest
— qastronomiya, musiqi, yaradıcılıq və müxtəlif mədəni təcrübələri vahid
festival konsepsiyasında birləşdirən, müxtəlif yaş qruplarından olan
iştirakçılar üçün zəngin və çoxşaxəli proqram təqdim edən dörd günlük
festivaldır. Festival çərçivəsində ziyarətçilərə yeni dadların kəşfi, yaradıcı
fəaliyyətlər, maraqlı görüşlər və canlı musiqi proqramları vasitəsilə rəngarəng
və dinamik festival atmosferini yaşamaq imkanı yaradılır.
Tarixi-mədəni
irsin müasir yaradıcılıq və qastronomik təcrübələrlə vəhdətini nümayiş etdirən “GastroFest”
İçərişəhərin unikal atmosferində keçirilərək, tarixi məkanla müasir festival
mədəniyyəti arasında xüsusi əlaqə yaradır.
Festivalın əsas istiqamətini qastronomiya
təşkil edir. Ölkənin tanınmış şefləri ilə görüşlər, müxtəlif mətbəx nümunələri,
küçə yeməkləri və yeni dadların təqdimatı GastroFest-in zəngin kulinariya
proqramını formalaşdıracaq.
Proqram müxtəlif yaş qruplarının
maraqlarını nəzərə alaraq hazırlanıb. Uşaqlar üçün xüsusi ustad dərsləri,
interaktiv fəaliyyətlər və əyləncəli proqramlar nəzərdə tutulur. Böyüklər
isə qastronomik təqdimatlara qoşulmaq, yaradıcı workshop-larda iştirak etmək və
festivalın atmosferini kəşf etmək imkanı əldə edəcəklər.
Musiqi proqramı da GastroFest-in mühüm tərkib
hissələrindən biri olacaq. Yerli və xarici DJ-lərin çıxışları, canlı musiqi və
səhnə performansları İçərişəhərin tarixi mühitinə müasir ritmlər gətirəcək. Əl
işləri, incəsənət nümunələri və yaradıcı layihələrin təqdim olunduğu xüsusi
zonalar isə tədbirə əlavə rəng qatacaq.
“GastroFest” hər bir ziyarətçiyə öz
marağına uyğun seçim imkanı təqdim edir: yeni dadlar axtaranlar üçün müxtəlif
qastronomik təcrübələr, musiqi həvəskarları üçün canlı çıxışlar, yaradıcılıqla
maraqlananlar üçün incəsənət və əl işləri zonaları, ailələr üçün isə birlikdə
keçiriləcək xoş və yaddaqalan anlar.
“GastroFest” sadəcə qastronomiya festivalı deyil. Bu, dad, musiqi, yaradıcılıq və əyləncəni İçərişəhərin tarixi-mədəni mühiti ilə bir araya gətirən, müxtəlif nəsilləri vahid məkanda birləşdirən genişmiqyaslı festivaldır.
📍 Məkan:
Bakı. İçərişəhər, Qoşa Qala meydanı
📅
Tarixlər: 3–4 və 10–11 oktyabr 2026
🕑 Saat:
14:00–22:00
📲
Festivalın Instagram səhifəsi: @gastrofest.az