Sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də Sərəncam imzalayıb.
Bu münasibətlə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xocavənd Şəhəri Günü keçirilir.
Manset.az xəbər verir ki, tədbirin əsas məqsədi Xocavəndin işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasını qeyd etmək, xalqımızın Zəfər tarixini yaşatmaqdır. Eyni zamanda, tədbir Xocavənd sakinlərini bir araya gətirmək, uşaqların və böyüklərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, şəhərin mədəni həyatına töhfə vermək, eləcə də Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdan sakinlər üçün xoş və yaddaqalan bayram ab-havası yaratmaq məqsədi daşıyır.
Tədbir çərçivəsində uşaqlar üçün ustad dərsləri, yaradıcılıq və maarifləndirici vorkşoplar, üz boyama (face art), interaktiv oyunlar və müxtəlif əyləncə proqramları keçirilir.
Həmçinin balaca sakinlər üçün “Şəngülüm-Şüngülüm” tamaşası təqdim ediləcək. Uşaqlar üçün xüsusi hazırlanmış tamaşa günün proqramında əyləncəli və maarifləndirici məzmunu ilə seçilir.
Axşam saatlarında isə Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq. Konsertdə tanınmış incəsənət nümayəndələrinin çıxışları, musiqi və bədii nömrələr təqdim ediləcək.
İlk dəfə keçirilən Xocavənd Şəhəri Günü doğma yurda qayıdan sakinlərin bir araya gəlməsi, birlik və həmrəylik duyğularının paylaşılması, şəhərin yeni həyatının mədəni tədbirlərlə zənginləşdirilməsi və Xocavənddə bayram ovqatının yaradılması baxımından əhəmiyyət daşıyır.