Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Milli
birliyimiz qələbəmizin təməlidir" tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə AHİK-in kollektivi, üzv və tabe təşkilatların
rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan oğullarının Vətən
müharibəsindəki qəhrəmanlığından, şərəfli döyüş yolundan bəhs edən film nümayiş
etdirilib.
Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış
edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində
qazandığı şanlı Zəfərdən, əsgər və zabitlərimizin rəşadətindən, xalqımızın
nümayiş etdirdiyi həmrəylikdən danışıb, Qələbənin Azərbaycan tarixinə ən parlaq
səhifə kimi yazıldığını vurğulayıb. Qeyd edilib ki, 27 sentyabrın Anım Günü
kimi təsis olunması dövlətimizin şəhidlərimizin əziz xatirəsinə ehtiramının ifadəsidir.
Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda
aparılan bərpa-quruculuq işlərindən, "Böyük Qayıdış" Proqramının
uğurlu icrasından, dövlətimizin Vətən naminə canından keçənlərin ailələrinə və
müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Vurğulanıb ki, Azərbaycanın Birinci
vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev
Fondu tərəfindən şəhid ailələrini, müharibə iştirakçılarını qayğı ilə əhatə edən
çoxsaylı layihələr reallaşdırılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən
şəhid ailələrinə dəstək məqsədilə həyata keçirilən müxtəlif tədbirlər də
iştirakçıların nəzərinə çatdırılıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əks-hücum əməliyyatlarının
əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbçilərimizin şücaətini,
onların tarixi Zəfərin əldə olunmasında xüsusi rolunu qeyd edib.
Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant
Sahil Xəlilov keçdiyi döyüş yolundan və cəbhə xatirələrindən danışaraq qəhrəmanlarımızın
gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib.
Vəfa Abdullayeva şəhid həyat yoldaşı Nurid
Abdullayevlə bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən dövlət
qayğısından söz açıb.
Tədbir bədii hissə ilə davam edib. Şəhid gizir Telman
Kəlbiyevin oğlu Elcan Kəlbiyevin səsləndirdiyi Vətənə həsr olunan şeir və qazi
polkovnik Əhməd Şərifovun oğlu Əli Şərifzadənin ifasında "Ey Vətən"
mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.