Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) 65 ölkədəki nümayəndəliyinin iştirakı ilə keçirilmiş səsvermənin nəticələrinə əsasən, QHGT-nin Nigeriya milli bölməsinin rəhbəri Məhəmməd Bello Bala Şaqari təşkilatın yeni sədri seçilib. Xatırladaq ki, indiyə qədər QHGT-nin sədri vəzifəsini Azərbaycan nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin gənclər üzrə mükafatçısı, COP29-un gənclər üzrə çempionu Leyla Həsənova tuturdu.
Manset.az xəbər verir ki, Afrika qitəsində
ən fəal gənclərdən biri olaraq tanınan Məhəmməd Bello Bala Şaqari ictimai fəaliyyəti
ilə yanaşı, sənədli film rejissoru kimi çalışır. O, indiyədək QHGT-nin Afrika
regionu üzrə sədr müavini və təşkilatın Nigeriyadakı milli bölməsinin rəhbəri
olub.
Məhəmməd Bello
Bala Şaqari daha əvvəl Nigeriya Milli Gənclər Şurasının prezidenti vəzifəsini də
tutub. O, gənclərin inkişafı, vətəndaş maarifləndirilməsi və beynəlxalq əməkdaşlıq
sahələrində müxtəlif təşəbbüslərə rəhbərlik edib. Çoxsaylı yerli və beynəlxalq mükafatlara
layiq görülən Şaqari vətəndaş iştirakçılığı, Afrika birliyi və diplomatiya
istiqamətlərində bir çox beynəlxalq tədbirlərdə təşkilatçı kimi iştirak edib. Yeni
sədr Londonun Middlesex Universitetində Biznes İnformasiya Sistemləri və
İnformasiya Texnologiyaları üzrə təhsil alıb.
Qeyd edək ki, QHGT
sədrliyi uğrunda keçirilən seçkilərdə təşkilatın üzvü olan 5 ölkənin nümayəndəsi
mübarizə aparıb və rəqabətli şəraitdə 4 mərhələdən ibarət keçirilən səsvermənin
sonunda Nigeriya namizədi rəqiblərindən üstün olub.