Cənubi Koreyada Koreya müharibəsində həlak olmuş əsgərlərdən birinin nəşinin 75 ildən sonra ailəsinə təhvil verildiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Ahn Don adlı əsgərin qalıqlarının ailə üzvlərinə məxsus DNT nümunələri ilə uyğunluğu müəyyən edildikdən sonra İksan şəhərində mərasim təşkil olunub. Mərasimdə əsgərin nəşi 75 ildən sonra ailəsinə təhvil verilib.
Ahnın nəşi ilk dəfə 2004-cü ildə aparılan qazıntı işləri zamanı aşkarlanıb. 2019-cu ildə isə ailə üzvlərindən DNT nümunələri götürülüb.
Həmin dövrdə texnoloji imkanların yetərli olmaması səbəbindən DNT uyğunluğunu müəyyənləşdirmək mümkün olmayıb. Yalnız sentyabr ayında aparılan yeni testlər nəticəsində uyğunluq təsdiqlənib.
1951-ci ilin avqustunda Şimali Koreyaya qarşı döyüşlər zamanı həlak olduğu ehtimal edilən Ahnın nəşi 2000-ci ildən bəri ailəsinə təhvil verilən 286-cı Cənubi Koreya hərbçisinə məxsusdur.