VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Maldiv Respublikasının incəsənət, mədəniyyət və irs naziri Hina Valid arasında ikitərəfli görüş keçirilib.
Manset.az xəbər verir ki, qonağı salamlayan nazir VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə həmkarına təşəkkürünü bildirib.
Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son illərdə dinamik inkişaf edir. Bu ilin aprel ayından Azərbaycan və Maldiv Respublikası arasında qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejimin tətbiq edilməsi münasibətlərin inkişafında yeni mərhələdir.
Nazir Hina Valid Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini deyib, Forumun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.