Bakıda keçmiş həyat yoldaşını küçədə güllələyərək, qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən baxış iclasında prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Z.Qəhrəmanov ona qarşı irəli sürülən ittihamlar üzrə özünü qismən təqsirli bilib.
Növbəti iclas dekabrın 16-na təyin edilib.
Xatırladaq ki, hadisə 2026-cı il iyulun 9-da Bakı şəhəri, Nəsimi rayonunun Mircəlal küçəsi, 2a ünvanında baş verib. Belə ki, həmin gün Zaur Qəhrəmanov hadisə yerinə BMW markalı avtomobili ilə gedib və keçmiş həyat yoldaşı Amalya Qəhrəmanovanı əraziyə çağırıb. O, ov tüfəngini avtomobilin yük yerində gizlədib.
Amalya ilə mübahisədən sonra avtomobilin yük yerindən ov silahını götürərək qadına atəş açıb. Qətl hadisəsi azyaşlı uşağın gözü qarşısında baş verib.
Qeyd edək ki, Zaur Qəhrəmanov bir müddət əvvəl həyat yoldaşı Amalya Qəhrəmanovadan boşanıb və onların azyaşlı övladı qadında qalıb. Zaur Qəhrəmanov hadisədən bir gün əvvəl övladını özü ilə aparmaq istəyib. Lakin qadın buna etiraz edib. O buna görə Amalya Qəhrəmanova ilə mübahisə edib.
Hadisə günü Zaur Qəhrəmanov ov tüfəngini götürərək avtomobili ilə Amalyanın iş yerinin qarşısına gəlib və uşağı görmək istədiyini deyib. Həmin vaxt Amalya uşaqla birlikdə aptekdə olub. O, uşağı atasına göstərsə də, onu aparmasına icazə verməyib.
Zaur Amalyadan uşağı maşına gətirməyi xahiş edib. Bildirib ki, o, uşaqla avtomobildə görüşmək istəyir. Amalya da onunla razılaşıb və uşağı avtomobilə atasının yanına aparıb. Zaur uşağı avtomobilə əyləşdirəndən sonra oradan uzaqlaşmaq istəyib, lakin Amalya uşağı ondan alıb işlədiyi aptekə qaçıb.
Zaur Qəhrəmanov isə avtomobilində olan ov tüfəngini götürərək aptekə tərəf gedib. Amalya uşağı aptekə qoyub, özü isə qaçmağa cəhd edib. Zaur onu yaxalayaraq ov tüfəngi ilə onu qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb, Zaur Qəhrəmanov Cinayət Məcəlləsinin bir necə ağır maddəsi ilə ittiham edilərək barəsində həbs qətimkan tədbiri seçilib.