Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor olub.
BDU-nun rektorları siyahısına nəzər saldıqda, Məleykə Abbaszadə universitetin sayca 27-ci rektorudur.
BDU-nun ilk rektoru Vasili Razumovski olub. Cəmi bir il universitetə rektorluq edən V.Razumovski tarixə həm də Azərbaycanın ilk rektoru kimi düşüb.
Daha sonra Sergey Nikolayeviç Davidenkov (1920-23), Aleksandr Dmitriyeviç Qulyayev (1923-1926), Tağı Şahbazi Simurğ (1926-1929), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərli (1934-1935), Bala bəy Həsənbəyov (1935-1937), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937-1941), akademik Şamil Əliyev (1941-1944), Abdulla Qarayev (1944-1950), Cəfər Hacıyev (1950-1954), Yusif Məmmədəliyev (1954-1958), Şəfaət Mehdiyev (1958-1965), Mehdi Əliyev (1965-1970), əməkdar elm xadimi Faiq Bağırzadə (1970-1987), Yəhya Məmmədov (1987-1989), akademik Cəmil Quliyev isə 1989-1990-cı illərdə universitetin rektoru olub.
Azərbaycan müstəqillik qazandıqdan sonra isə BDU-nun ilk rektoru Mirabbas Qasımov (1990-92) olub. Onun ardınca Firudin Səməndərov 1992-1993-cü illərdə, Murtuz Ələsgərov 1993-1996-cı illərdə, keçmiş təhsil naziri Misir Mərdanov isə 1996-1998-ci illərə qədər universiteti idarə ediblər.
1999-2018-ci illərdə isə BDU-ya Abel Məhərrəmov rəhbərlik edib. O, 19 il bu vəzifəni icra edərək universitetin ən uzunmüddətli rektoru olub.
Daha sonra 2018–2019-cu illərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov rektor vəzifəsini müvəqqəti icra edib.
2019-cu ildən bu günə qədər isə BDU-nun rektoru Elçin Babayev olub.