Bakının daşınmaz əmlak bazarında, xüsusilə yeni tikili mənzillərin qiymətində artım davam edir. Oktyabr ayının nəticələrinə əsasən, paytaxtın bəzi rayonlarında bahalaşma 20 faizi ötüb. Ümumilikdə Bakı üzrə yeni tikililərdə orta qiymət artımı təxminən 14 faiz təşkil edib.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, oktyabr ayında ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb:
"Bu ərazidə yeni tikili mənzillər 21,8 faiz bahalaşıb. Yasamal rayonu 20,4 faizlə ikinci, Xətai rayonu isə 18,6 faizlə üçüncü yerdə qərarlaşıb.
Digər rayonlar üzrə qiymət artımı belə olub:
Səbail – 21,8%;
Yasamal – 20,4%;
Xətai – 18,6%;
Nəsimi – 17,4%;
Nərimanov – 17,2%;
Nizami – 16%;
Binəqədi – 14%;
Suraxanı və Sabunçu – 9,8%;
Xəzər – 6%;
Qaradağ – 5,4%.
Qiymət artımının daha yüksək olduğu rayonlar əsasən yeni tikililərin çox olduğu, infrastrukturun inkişaf etdiyi və iş yerlərinin cəmləşdiyi ərazilərdir".
AQC sədri əlavə edib ki, noyabr ayında da bazarda bahalaşma dinamikası qorunub saxlanılıb:
"Proqnozlara əsasən, ilin son iki ayında yeni tikili mənzillərin qiymətində əlavə 4-5 faiz artım gözlənilir.
Daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların mənzil seçiminə və investisiya qərarlarına birbaşa təsir göstərir. Xüsusilə paytaxtın mərkəzi rayonlarında qeydə alınan yüksək artım mənzil bazarındakı tələb və təklif nisbətinin əhəmiyyətini bir daha ortaya qoyur".