Ukraynada öldürülən İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılovun meyitlərinin Azərbaycana gətirilməsi istiqamətində iş gedir.
Manset.az Baku.ws-yə istinadən xəbər verir ki, soydaşlarmızın yaxınları Gəncə şəhərində məskunlaşıb. Onlarla əlaqə saxladıq.
“Ölənlərdən ikisi qardaşımdır, biri qardaşım oğludur. Hardasa 20-22 ildir Oddesa şəhərində yaşayırlar, ikili vətəndaşlıqları var.
Kuçurqan deyilən keçid məntəqəsinə 20-30 km məsafə qalanda hərbi formada olan silahlılar onları soyublar.
Sonra o biri maşındakıları soymağa başlayıblar. Axırıncı maşına gələndə qardaşım oğlu qorxu içərisində olub. Orada olan meşəyə tərəf qaçıb. Bunu vurublar. Atası düşəndə bunu da öldürüblər. O, biri qardaşım da düşəndə onu da vurublar”, - deyə dünyasını dəyişən həmvətənlərimizin qardaşı Qaçay İsmayılov bildirib.
Yaxınlarının öldürüldüyünü görən digər maşında olan həmvətənlərimiz oradan uzaqlaşmağa çalışıb.
Bu zaman ərazidən uzaqlaşmaq istəyən avtomobillər atəşə tutulub. Nəticədə Qaragöz Tağıyeva, Ravin Tağıyev, Yazgül Tağıyeva və Süleyman İsmayılov ağır güllə yarası alıb. Müsahibimiz deyir ki, yaralılarla bağlı onlara hələ də dəqiq məlumat verən yoxdur.
“Biri deyir xəstəxanadadır, biri deyir evdədir, digəri deyir meşədə qaldılar. Dəqiq məlumat almaq olmur.”
Artıq dünyasını dəşiyən həmvətənlərimizin Gəncə şəhərində yaşayan yaxınları Kiyevdəki səfirliyimizə və Xarici İşlər Nazirliyinə məlumat verib.
Cavabda bildirilib ki, məsələ nəzarətə götürülüb və ölən həmvətənlərimizin nəşi, eyni zamanda yaralıların vətənə gətirilməsi istiqamətində lazımi köməklik göstəriləcək.
Xatırladaq ki, bir neçə gün öncə 8 avtomobil karvanından ibarət bir-birinə qohum düşən həmvətənlərimiz Odessa şəhərindən Moldovaya keçid etmək istəyən zaman naməlum hərbçilərin hücumuna məruz qalıb.
Nəticədə İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını dəyişib.