ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a ünvanladığı son təklifi qəbul etmədiyi təqdirdə nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, D.Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, “Hər kəs girovların evlərinə qayıtmasını istəyir. Hamı istəyir ki, bu müharibə bitsin. İsraillilər mənim şərtlərimi qəbul etdilər. İndi HƏMAS-ın da onları qəbul etmə vaxtıdır. Mən HƏMAS-ı bu şərtləri qəbul etməməyin nəticələri barədə xəbərdar etmişəm. Bu, mənim son xəbərdarlığımdır; daha olmayacaq”.
Buna cavab olaraq HƏMAS hərəkatı bəyanat yayaraq danışıqlara hazır olduğunu açıqlayıb.
Hərəkatdan verilən açıqlamada deyilir: “Müharibəyə son qoyulması, Qəzza zolağından işğalçı qüvvələrin tam çıxarılması və bölgənin idarəsi üçün müstəqil fələstinlilərdən ibarət komitənin yaradılması müqabilində bütün məhbusların azad edilməsini müzakirə etmək üçün dərhal danışıqlar masasına oturmağa hazırıq”.
HƏMAS, həmçinin bəzi ABŞ təkliflərini qəbul etdiyini və bu təkliflərin əhatəli razılaşmaya çevrilməsi üçün vasitəçilərlə mütəmadi təmasda olduqlarını bildirib: “HƏMAS xalqımıza qarşı təcavüzün dayandırılması istiqamətindəki bütün cəhdləri və bu məqsədə xidmət edən hər addımı alqışlayır”.